SİYASƏT
Ümumrusiya Azərbaycanlılar Konqresi və Rusiya Federal Miqrasiya Xidməti hüquqazidd hərəkətlərin qarşısının alınması işində əməkdaşlıq edirlər
Bakı, 5 may (AZƏRTAC). Ümumrusiya Azərbaycanlılar Konqresinin Murmansk Vilayət Bölməsinin (ÜAK MVB) ofisində Federal Miqrasiya Xidmətinin Murmansk Vilayət İdarəsi (FMX MVİ) ilə birgə təşkil edilmiş tədbir keçirilmişdir. Yığıncağın əsas mövzusu milliyyətcə azərbaycanlı olan Rusiya vətəndaşları, həmçinin Murmansk vilayəti ərazisində olan və orada yaşayan Azərbaycan Respublikası vətəndaşları arasında hüquqazidd hərəkətlərin və onların törədilməsinə təhriklərin qarşısının alınması, eləcə də millətlərarası və dinlərarası düşmənçiliyin qızışdırılması və digər hüquqazidd hərəkətlər törədildiyi halda bu vətəndaşların inzibati və cinayət məsuliyyəti barədə xəbərdar edilməsi məsələsi idi.
ÜAK MVB-nin sədri, Murmansk vilayəti İctimai Palatasının üzvü Afil Hüseynov tədbirdə çıxış edərək bu cür görüşlərin vacibliyini vurğulamışdır. Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) Murmansk vilayəti üzrə bölməsinin sədri Emin Səfili və FMX MVİ-nin əməkdaşları qeyd etmişlər ki, Azərbaycan gəncləri başqa millətlərdən olan gənclər üçün nümunədirlər. E.Səfili görüş iştirakçılarını əmin etmişdir ki, RAGT fəalları gənc həmvətənlərimiz tərəfindən hüquq qaydalarına riayət edilməsi üçün səylərini əsirgəməyəcəklər.