İQTİSADİYYAT
ÜZVİ SİNTEZ ZAVODUNDA TULLANTILARIN EMALI
Sumqayıt üzvi sintez zavodunda istehsal tullantılarından əhəng südü hazırlanmasına başlanmışdır. Uzun müddət bu sexin ətrafı əhəngdaşı tullantıları ilə qalaqlanmışdı. Heç kimin ağlına gəlmirdi ki, bundan son dərəcə lazımlı məhsul istehsalı üçün yenidən istifadə etmək olar.
Müəssisənin direktoru Darvin Hüseynov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, son vaxtlar əhəngdaşı ilə təminatda kəskin çatışmazlıq var idi. Güzdəkdən gətirilən məhsulun keyfiyyəti və texniki göstəriciləri tələblərə uyğun gəlmirdi. Müəssisəmizin mütəxəssisləri vəziyyətdən çıxış yolunu sexin ərazisində qalaqlanmış tullantıların emalında tapdılar. Elə orada da yeni qurğular ucaldıldı. Emal nəticəsində alınan əhəng südündən indi propilen oksidi istehsalında xammal kimi istifadə olunur. Beləliklə, mütəxəssislərimiz son dərəcə vacib olan bir problemi həll edə bildilər. Sönmüş əhəng tullantıları mexaniki üsulla daş-kəsəkdən təmizlənərək sexə göndərilir. Mütəxəssislərin fikrincə, qazın təzyiqi artdıqca, texnoloji proses də yaxşılaşacaqdır.