İQTİSADİYYAT
Vahid Novruzov: Bakıda keçiriləcək konfrans iqtisadiyyatımızda sağlam rəqabətin bərqərar olunmasına mühüm töhfələr verəcək
Bakı, 3 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkilatçılığı ilə aprelin sonunda Bakıda “Rəqabət - dayanıqlı inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Mövzunun aktuallığını nəzərə alaraq Azərbaycan Respublikası Auditorlar Palatasının sədri professor Vahid Novruzov AZƏRTAC-ın suallarını cavablandırıb.
- Vahid müəllim, beynəlxalq elmi-praktik konfransın həsr olunduğu mövzunun aktuallığı barədə nə deyə bilərsiniz?
- Bazar iqtisadiyyatı şəraitində rəqabətin inkişafın və səmərəliliyin əsas amillərindən biri olması inkaredilməz fakt kimi qəbul olunub. Bir neçə gündən sonra 100 illik yubileyini qeyd edəcəyimiz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 2002-ci il aprelin 25-də Prezident sarayında yerli sahibkarlarla görüşündə rəqabəti çox obrazlı ifadə edərək demişdir: “Bazar iqtisadiyyatı rəqabətdir. Gərək hər gün işləyəsən ki, bazarı itirməyəsən”. Müasir müstəqil Azərbaycanın memarı və dövlət quruculuğu konsepsiyasının müəllifi olan Ulu Öndər başqa bir çıxışında isə bildirmişdi ki, “Azərbaycanda milli həmrəylik, insanlar, siyasi partiyalar, qurumlar arasında sülh və sağlam rəqabət əhvali-ruhiyyəsi yaranmalıdır”. Bəli, məhz rəqabət sayəsində tələb və təklifin tarazlaşmasına, məhsul və xidmətlərin qiymətlərinin optimallaşmasına, səmərəsiz fəaliyyət göstərən və normal bazar münasibətlərinin genişlənməsinə əngəllər törədən istehsal subyektlərinin iqtisadi arenadan çıxarılmasına, daha keyfiyyətli və əlçatan nəticələrin əldə olunmasına imkan yaranır. Bu, ilk növbədə, onunla izah edilə bilər ki, haqlı rəqabət elmi-texniki və texnoloji nailiyyətlərin tətbiqini stimullaşdırmaqla istehsalın təşkilini, idarəedilməsini və tənzimləməni, məhsul və xidmətlərin çeşidlərinin ləngimədən yenilənməsini, onların keyfiyyətlərinin yüksəldilməsini labüd edir. Bütün bunlar isə, öz növbəsində, rəqabətin kənar süni “qarışdırıcı” amilləri qəbul etməyən dayanıqlı inkişaf sisteminin bərqərar olması üçün nə dərəcədə mühüm əhəmiyyət daşıdığına dəlalət edir. Sağlam rəqabətin iqtisadiyyatın və sahibkarlığın kriminallaşmadan qurtulmasında oynadığı rolu da unutmaq olmaz. Bu baxımdan iqtisadi sərbəstliyə rəvac verən rəqabətin dövriyyədən kənarda qalmış maliyyə ehtiyatlarının iqtisadi inkişafa cəlb olunmasındakı rolu da xüsusi qeyd edilməlidir.
Dünya təcrübəsi göstərir ki, milli tərəqqi yalnız təbii resurslar, böyük işçi qüvvəsi, əlverişli iqlim və təbii-coğrafi şərait hesabına əldə olunmur. Bu, daha çox ölkənin (regionun) və onun məhsullarının rəqabətqabiliyyətliliyi, buna zəmin yaradan, milli rifahı yüksəldən modernləşmənin tətbiqi, innovasiya siyasətinin mükəmməlliyi ilə müəyyən olunur.
- Təəssüf ki, haqlı rəqabətin boğulması təkcə peşəkar etik qaydaların pozulması yox, hətta bəzən cinayət hesab edilən yollardan istifadə halları iqtisadiyyatın bütün sahələrində, o cümlədən auditor xidməti sahəsində də qalmaqdadır. Bu baxımdan konfransın əhəmiyyətini necə dəyərləndirirsiniz?
- Nüfuzlu xarici həmkarlarımızın iştirakı ilə biz bu gün belə pozuntulara qarşı mübarizə yollarını birgə müzakirə edib, tədbirlər müəyyənləşdirib, tətbiq yollarını araşdırmalıyıq. Əks halda, haqsız rəqabət və dempinq iqtisadi inkişafı, o cümlədən bazar münasibətlərini əngəlləməsi ilə bir sıra mənfi nəticələrin törədicisinə çevrilə bilər. Təsadüfi deyil ki, beynəlxalq təcrübədə sağlam rəqabətin boğulması sahibkarlıq institutunun təhlükəsizliyi üçün qorxulu bəla kimi dəyərləndirilir. Rəqabət hallarını təhlil edərkən reallıqda biz daha çox “haqsız rəqabətlə”, yəni, öz iqtisadi rəqibini, başqa sözlə, eyni və ya oxşar növ məhsul istehsal edən, xidmət göstərən, digər tərəfi “nəyin hesabına olursa-olsun məhv etmək” istəyən, hətta haqsız reklam metodundan belə çəkinməyən istehsalçılarla rastlaşırıq. Haqsız rəqabətin mövcud olan və təəssüf ki, yeni iqtisadi mühitdə daha da artmağa imkan qazanan əlamətləri və formaları da konfransda müzakirə obyekti olacaq, müvafiq fikirlər səsləndiriləcək.
- Dayanıqlı inkişafın təmin olunmasında rəqabət amilinin gücləndirilməsi sahəsində hansı problemlər həll edilməlidir?
- Sağlam rəqabətin təşviqinin və inhisarçılığa qarşı mübarizənin iqtisadiyyatın inkişafında və əhalinin sosial rifah halının gücləndirilməsində oynadığı rolu bir daha bu il yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibədə vurğulayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təsdiq etdiyi Dövlət proqramlarında, Milli Fəaliyyət və Milli prioritetlərə həsr olunmuş sənədlərdə, çoxsaylı məruzə, çıxış və görüşlərində rəqabət mövzusunu daim diqqət mərkəzində saxlayır. Bunun bariz nümunəsi kimi, Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində göstərmək olar. Belə ki, beş milli prioritetin ikisi məhz rəqabətin inkişafı problemlərini özlərində ehtiva edir. Şəffaflığın artırılması, haqsız rəqabətin qarşısının alınması, rəqabətə davamlılıq, sağlam rəqabət qaydalarının müəyyənləşdirilməsi, rəqabət mühitinin təmin olunması kimi vəzifələr icrasını tələb edir.
Mötəbər və etibarlı bir peşənin üzvləri kimi 27 illik təcrübəmiz bizim xidmətin ictimai mahiyyəti baxımından peşə mənsublarının ləyaqətlə fəaliyyət göstərməsi və gələcəyə inamla baxması üçün ilkin şərtin “rəqabətin pozulmaması”, dempinq və “haqsız rəqabət”lə mübarizə aparmaq olduğunu bizə sübut etdi. Bu sahədə məsuliyyət və vəzifə borcunu dərk edən Auditorlar Palatası 2022-ci ili “Haqsız rəqabətlə mübarizə ili” elan etməklə peşəkar ictimaiyyətimizin tələbi ilə haqsız rəqabətin aradan qaldırılması sahəsində artıq konkret tədbirlər reallaşdırmağa başlayıb. Onu da qeyd etməliyəm ki, əldə olunmuş nəticələr ümidvericidir. Bununla bərabər, bir tərəfdən peşəmizin mövcud problemləri və üzvlərimiz arasında hələ də tam əldə olunmayan peşə həmrəyliyi və dempinq hallarının çoxluğu, digər tərəfdən xidmətin keyfiyyətinin bir çox hallarda günün tələblərinə tam cavab verməməsi, qanunvericilikdə olan boşluqlar yaxın gələcəkdə görüləcək işlərin mühümlüyünü ortaya qoyur. Ümidvar olduğumu bildirirəm ki, konfransda əldə ediləcək nəticələr, irəli sürüləcək təklif və tövsiyələr iqtisadiyyatımızda sağlam rəqabətin bərqərar olunmasına mühüm töhfələr verəcək.