İQTİSADİYYAT
VAŞİNQTONDA BEYNƏLXALQ MALİYYƏ QURUMLARI İLƏ DANIŞIQLAR APARILMIŞDIR
Azərbaycanin maliyyə naziri Əvəz Ələkbərovun başçılıq etdiyi və Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmovun, Beynəlxalq Bankın idarə heyətinin sədri Cahangir Hacıyevin daxil olduqları nümayəndə heyəti Vaşinqtonda Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun illik toplantısında iştirak etmişdir.
Respublikamızın nümayəndə heyəti toplantı çərçivəsində beynəlxalq maliyyə təsisatlarının rəhbərliyi ilə görüşlər keçirmişdir. Danışıqlar zamanı Azərbaycanın makroiqtisadi göstəriciləri, yoxsulluğun azaldılmasına dair milli strategiya, ticarət və sərmayə mühitinin yaxşılaşdırılması məqsədi ilə görülən tədbirlər nəzərdən keçirilmişdir. Eyni zamanda, bu ilin sonunda Dünya Bankından 30 milyon dollar məbləğində SAK2 kreditinin, Beynəlxalq Valyuta Fondundan 32 milyon dollar məbləğində ikinci və üçüncü transın alınması imkanları müzakirə edilmişdir. Maliyyə naziri Əvəz Ələkbərovun AZƏRTAC-ın müxbirinə bildirdiyi kimi, görüşlərdə birmənalı fikir bu olub ki, Azərbaycanda aparılan islahatlar və maliyyə təşkilatları ilə qurulan əlaqələr MDB məkanında ən uğurlulardan sayıla bilər.
Sentyabrın 30-da nümayəndə heyəti Dövlət Departamentində iqtisadi məsələlər üzrə ABŞ-Azərbaycan işçi qrupunun iclasında iştirak etmişdir. Xatırladaq ki, qrupun həmsədrləri Azərbaycan tərəfindən maliyyə naziri Əvəz Ələkbərov, ABŞ tərəfindən isə yeni müstəqil dövlətlərə yardım üzrə səfir Uilyam Teylordur.
İclasda antiterror mübarizəsində əməkdaşlığın genişləndirilməsi, 907-ci maddənin qüvvəsinin dayandırılmasından sonra açılan imkanlar, Azərbaycanın makroiqtisadi və maliyyə siyasəti müzakirə olunmuşdur. Amerika tərəfi ölkəmizin Dünya Ticarət Təşkilatına qəbul olunmasını tam dəstəklədiyini bəyan etmişdir. Tərəflər narkotik vasitələrin qanunsuz dövriyyəsinin və kütləvi qırğın silahları istehsalının qarşısının alınması üçün gömrük təşkilatları arasında müvafiq razılaşmaların imzalanmasına tərəfdar olduqlarını bildirmişlər. Əvəz Ələkbərov Amerika tərəfindən Azərbaycanın qaçqın və məcburi köçkünlərinə yardımın çoxaldılmasını xahiş etmişdir. İclasda ölkəmizdə əhalinin bu hissəsinin vəziyyətinin kiçik və orta müəssisələrin inkişafı vasitəsilə yaxşılaşdırılmasını nəzərdə tutan layihələrə də baxılmışdır.
ABŞ-Azərbaycan işçi qrupunun növbəti toplantısı gələn ilin aprelində Bakıda keçiriləcəkdir.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton