SİYASƏT
“Veçerniy Murmansk” qəzetində həmvətənlərimiz haqqında məqalə dərc olunmuşdur
Bakı, 3 iyul (AZƏRTAC). Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Murmansk bölməsinin və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürov AZƏRTAC-a bildirmişdir ki, gündəlik çıxan “Veçerniy Murmansk” ictimai-siyasi qəzeti Nərminə Heybətovanın həmvətənlərimizdən bəhs edən “Xatirə çiçəkləri” adlı məqaləsini dərc etmişdir.
Məqalədə deyilir ki, may ayında müəllifə Azərbaycanın böyük siyasətçisi Heydər Əliyevin xatirəsinə Bakıda hər il keçirilən əsl gül bayramında iştirak etmək nəsib olmuşdur. Bayram ümummilli liderin anadan olduğu gün başlanır və bir neçə gün davam edir. Ənənəvi olaraq ölkənin keçmiş Prezidentinin adını daşıyan parklarda floristlər və dizaynerlər gözəl gül kompozisiyaları yaradırlar. Heydər Əliyevin adını daşıyan sarayın qarşısındakı park daha gözəl olur.
Azərbaycanlılar şənliklərə qabaqcadan hazırlaşırlar. Artıq fevral-mart aylarından, gül, kol və ağac əkməyə başlayırlar. May ayında milli park qızılgül, qərənfil, zanbaq, kalanxoy, səhləb, xrizantem, süsən və hortenziyalara qərq olur.
Daha sonra “Veçerniy Murmansk” yazır ki, bayramın ilk günündə çəpərlənmiş ərazinin ətrafında gözəlliyi öz gözləri ilə görmək istəyənlər böyük növbəyə düzülürlər. Havanın isti olması da heç kəsi narahat etmir. Növbədə qocalar da olur, uşaqlar da. Həmin gün uşaq bağçalarında şənliklər keçirilir. Şəhərin küçələrindən ağac, çobanyastığı və ya parabüzən geyimində uşaqlara rast gəlmək olur.
Hər il bu bayramın keçirilməsi üçün İtaliya, Hollandiya, Fransa, Türkiyə, Çin və Braziliyadan Bakıya 100 tondan çox müxtəlif çiçəklər gətirilir.
Məqalə bir çox fotoşəkillərlə bir yerdə dərc olunmuşdur. Həmin fotoşəkillərdən birində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi təsvir edilmişdir.
Qeyd edək ki, məqalənin və fotoşəklin müəllifi Nərminə Heybətova həmvətənimizdir. O, populyar “Veçerniy Murmansk” qəzetinin xüsusi müxbiridir.