CƏMİYYƏT
Vəkillər Kollegiyası bu ildən başlayaraq “İlin vəkili”ni seçəcək
Bakı, 21 dekabr, AZƏRTAC
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.
Kollegiyanın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclas gündəliyinə uyğun olaraq, “Azərbaycan vəkili” jurnalının yeni formatda buraxılışa verilməsi məsələsinə baxılaraq müsbət qərar qəbul edilib. Diqqətə çatdırılıb ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırovun baş redaktoru olduğu elmi-praktik jurnal çapa hazırdır, redaksiya heyəti yerli və müxtəlif ölkələrin görkəmli hüquqşünas alimlərindən təşkil olunub, o cümlədən yeni beynəlxalq ISSN nömrəsi alınıb, eyni zamanda digər beynəlxalq qeydiyyatların alınması sahəsində işlər gedir.
İclasda Vəkillər Kollegiyası Rəyasət Heyəti Hüquqi Yardım və Tədris Mərkəzinin Əsasnaməsinə dəyişikliklərin edilməsi məsələsi ilə əlaqədar da müsbət qərar çıxarılıb.
Bundan başqa, Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyi tərəfindən təşkil olunacaq IX "Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası" layihəsinə dəstək göstərilməsi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Prezident İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında "Dəmir yumruq" hüquq sahəsində intellektual müsabiqənin qalib komandasının təltif edilməsi, o cümlədən Vəkillər Kollegiyasının Akademiyasının fəaliyyəti ilə bağlı təşkilatı məsələlərə baxılaraq müsbət qərarlar çıxarılıb.
Eyni zamanda müxtəlif nominasiyalar üzrə “İlin vəkili” mükafatının təsis edilməsi məsələsinə baxılıb. Kollegiyada hər il “İlin vəkili” seçilməsi qərara alınıb. Nəzərə çatdırılıb ki, bu il dövlət hesabına hüquqi yardım göstərən vəkillər sırasında ən çox uğurlu nəticə əldə edən vəkil “İlin vəkili” adına layiq görüləcək. Növbəti ildən etibarən isə həm dövlət hesabına, o cümlədən mülki, kommersiya, inzibati və cinayət işləri üzrə ən çox uğurlu nəticə qazanan vəkillər üçün də nominasiyalar təsis olunacaq.
Vəkillərin digər vəkil qurumuna keçməsi, bəzi vəkillərin öz istəyi ilə vəkillik fəaliyyətlərinə xitam verilməsi və dayandırılması və müəyyən müddətə üzvlük haqqından azad olunması barədə müraciətlərə baxılaraq müvafiq qərarlar qəbul olunub.
Həmçinin Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən müvafiq qərarlar çıxarılıb.
İclasda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən digər məsələlərə də baxılıb.