İQTİSADİYYAT
VERGİLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Nazirlər Kabinetinin 2001-ci il 3 sentyabr tarixli qərarına əsasən, həmin il sentyabrın 1-dən etibarən, ümumi sahəsindən asılı olmayaraq, ölkə ərazisində bütün ticarət, ictimai iaşə və xidmət obyektlərində nəzarət-kassa aparatları tətbiq edilməlidir. Məlumat üçün bildirək ki, əvvəllər respublika tabeliyindəki şəhərlərdə ümumi sahəsi 6 kvadratmetrədək, rayon mərkəzlərində və şəhər tipli qəsəbələrdə 9 kvadratmetrədək və kənd yerlərində isə 12 kvadratmetrədək olan obyektlərdə nəzarət-kassa aparatları tətbiq olunmuşdu. Lakin hazırda belə obyektlərdə adi nəzarət-kassa aparatları deyil, kiçik ölçülü nəzarət-kassa aparatlarının tətbiq olunması və bu işi 2002-ci ilin sonunadək başa çatdırmaq qərara alınmışdır.
Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının 2002-ci il 1 mart tarixli qərarına əsasən, kiçik ölçülü nəzarət-kassa aparatlarının quraşdırılması prosesi Bakı, Naxçıvan, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində ümumi sahəsi 6 kvadratmetrədək olan obyektlərdə oktyabrın 1-dək, digər şəhərlərdə ümumi sahəsi 6 kvadratmetrədək, rayon mərkəzlərində və şəhər tipli qəsəbələrdə ümumi sahəsi 9 kvadratmetrədək olan obyektlərdə dekabrın 1-dək, kənd yerlərində ümumi sahəsi 12 kvadratmetrədək olan obyektlərdə isə dekabrın 31-dək başa çatdırılmalıdır.
Komissiya indiyədək kiçik ölçülü nəzarət-kassa aparatlarının 7 modelini dövlət reyestrinə daxil etmişdir. Bunlar “Elvis-Mikro-F”, “Ştrix-Mikro-F”, “Merkuri-115 F -01”, “Bİ-007 P”, “Merkuri-140 F”, “Minika-1102 F” və “Minika-1103 F” adlanır. Həmin aparatlar ölkədə istehsal edilir. İstehsalçılar “Radioquraşdırma” İB, “Büllur” Elm-İstehsalat Birliyi, “Bakı-inter” MMM, “SVA Elektroniks LTD” və Cihazqayıranlar Cəmiyyətidir.
Vergilər Nazirliyinin mətbuat xidməti bildirir ki, Bakı şəhəri üzrə kiçik ölçülü nəzarət-kassa aparatları tətbiq edilməli olan 2951 obyektdən 657-də, Sumqayıt şəhəri üzrə 129 obyektdən 44-də, Mingəçevir şəhəri üzrə 173 obyektdən 71-də belə aparatlar quraşdırılmışdır. Göründüyü kimi, kiçik ölçülü nəzarət-kassa aparatlarının quraşdırılması üçün kifayət qədər möhlət, həmçinin tədbir barədə mətbuat vasitəsilə vaxtaşırı məlumatlar verilsə də iş adamları məsələyə ciddi yanaşmamışlar.
Vergilər Nazirliyinin mətbuat xidməti sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin nəzərinə çatdırır ki, sözügedən obyektlərdə kiçik ölçülü nəzarət-kassa aparatlarının quraşdırılmasını vaxtında həyata keçirməyənlər İnzibati Xətalar Məcəlləsinin 252-ci maddəsinə əsasən məsuliyyət daşıyırlar. Bunu nəzərə alaraq, onlar kiçik ölçülü nəzarət-kassa aparatlarının quraşdırılmasını qısa müddətdə başa çatdırmalı və bu işdə hər hansı məsələyə aydınlıq gətirmək üçün yerli vergi orqanlarına müraciət etməlidirlər. İş adamları kiçik ölçülü nəzarət-kassa aparatlarının əldə edilməsi və quraşdırılması ilə əlaqədar istehsalçı müəssisələrə birbaşa müraciət edə bilərlər. Həmin müəssisələrlə aşağıdakı telefonlarla əlaqə saxlamaq olar:
“Radioquraşdırma” İB -71-00-14, “Büllur” EİB -5-07-76 (Gəncə), “Bakı-İnter” MMM -67-74-88, “SVA Elektroniks LTD” - 90-63-81, Cihazqayıranlar Cəmiyyəti - 47-57-90.