İQTİSADİYYAT
VERGİLƏR NAZİRLİYİNDƏ PROTOKOL İMZALANMIŞDIR
Aprelin 18-də Vergilər Nazirliyində Sahibkarlar \İşəgötürənlər\ Təşkilatları Milli Konfederasiyası ilə birgə əməkdaşlıq haqqında protokol imzalanmışdır.
Vergilər naziri Fazil Məmmədov və Konfederasiyanın prezidenti Ələkbər Məmmədov tərəfindən imzalanmış sənəddə vergi orqanlarının və sahibkarların birgə illik respublika konfransını keçirmək, habelə seminarlar təşkil etmək, informasiya mübadiləsi aparmaq nəzərdə tutulur. Bu məqsədlə nazirliyin və Konfederasiyanın əməkdaşlarından ibarət 20 nəfərlik işçi qrupu yaradılacaqdır. Qrup mövcud problemlərin həllinə və vergi sisteminin təkmilləşdirilməsinə dair təkliflər işləyib hazırlayacaqdır.
Nazir Fazil Məmmədov Protokol imzalanmazdan əvvəl çıxış edərək bildirmişdir ki, nazirliyin qurumları sahibkarlarla fəal əməkdaşlıqda maraqlıdır və onların vergi qanunvericiliyinin yaxşılaşdırılmasına yönəldilmiş təkliflərini nəzərdən keçirməyə hazırdır.