ELM VƏ TƏHSİL
Vətən müharibəsi şəhidlərinə həsr olunan “Zəfər” təlimləri uğurla başa çatıb
Bakı, 2 aprel, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Rəqəmsal iqtisadiyyat fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və “Coders Azerbaijan” veb-proqramlaşdırma mərkəzinin birgə təşkil etdiyi “Zəfər” təlimləri uğurla başa çatıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, 5 həftəlik təlimlər tələbələrin texnologiya sahəsində inkişafına, gələcəkdə bu sahədə uğurlu olmalarına dəstək göstərmək məqsədilə keçirilib. Müraciət edən 474 tələbədən 60 nəfəri təlimdə iştirak etmək hüququ qazanıb. Ödənişsiz keçən təlimlərdə tələbələr HTML5, CSS3 və “Bootstrap 4” üzrə veb-proqramlaşdırmanın əsaslarını öyrəniblər. Təlimin sonunda yekun tapşırığı ən yaxşı həll edən 15 iştirakçı final mərhələsinə vəsiqə qazanıb.
Finalda Biznes və menecment fakültəsinin 3-cü kurs tələbəsi Nicat Qarayev I yerə çıxıb. İkinci yerə Maliyyə və mühasibat fakültəsinin 2-ci kurs tələbəsi Vüqar Qasımov, III yerə isə Rəqəmsal iqtisadiyyat fakültəsinin 2-ci kurs tələbəsi Xəyalə Kəlbəliyeva layiq görülüb.
İlk 3 yerin qalibinə diplomlar verilib. Həmçinin I yerin qalibinə UNEC THİK tərəfindən 150 manat məbləğində pul mükafatı, “Coders Azerbaijan” tərəfindən isə 500 manatlıq kupon, II yerin qalibinə 100 manat və 300 manatlıq kupon, 3-cü yerin qalibinə isə 50 manat və 100 manatlıq kupon təqdim edilib.
Final mərhələsində iştirak edən digər 12 iştirakçıya sertifikatlar, “Coders Azerbaijan” veb-proqramlaşdırma mərkəzi tərəfindən hədiyyələr və endirim paketləri verilib.