İDMAN
Veteran futbolçu: İnanıram ki, “Qarabağ” “Hekken”lə matçda öz işinin öhdəsindən gələcək
Bakı, 14 dekabr, AZƏRTAC
“Qarabağ”ın bugünkü oyunda qazanacağı nəticə çox vacibdir. İnanıram ki, onlar bunun öhdəsindən gələ biləcəklər”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın veteran futbolçusu, "Turan Tovuz" komandasının baş məşqçisi Ayxan Abbasov “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində İsveçin “Hekken” klubuna qarşı keçirəcəyi VI tur oyunu ilə bağlı danışarkən deyib.
42 yaşlı mütəxəssis bildirib ki, Ağdam təmsilçisinin meydandan uğurlu nəticə ilə ayrılması üçün kifayət qədər təcrübəsi var: “Rəqibin şansı azdır. Amma belə turnirlərdə hər bir komanda qalib gəlmək və meydanda özünü yaxşı tərəfdən göstərmək arzusundadır. Eyni zamanda, motivasiya da yüksək olur. Çünki öz adlarını və nüfuzlarını qorumaq, daha da irəliyə getmək istəyirlər. “Qarabağ” da bu vaxta kimi güclü rəqiblərdən xal ala bilib. Bu gün isə azarkeşlərin dəstəyi ilə daha yaxşı oynayacaqlar”.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Hekken” oyunu saat 21:45-də başlayacaq.