SİYASƏT
Vilnüsdə Avropa İttifaqının Şərq tərəfdaşlığı siyasətini dəstəkləyən beynəlxalq şəbəkə təsis edilir
Vilnüs, 29 aprel (AZƏRTAC). Aprelin 30-da Vilnüsdə Avropa Xalq Partiyasının və assosiasiya edilmiş sağçı partiyaların liderləri Avropa İttifaqının Şərq tərəfdaşlığı siyasətini dəstəkləyən “Europe Goes East” (Avropa Şərqə doğru genişlənir) adlı qeyri-formal şəbəkə təsis etmək niyyətindədirlər. Tədbiri Vətən İttifaqı - Litvanın Xristian Demokratları (Vİ-LXD) və Ronald Reyqan Evi təşkil edirlər.
Vİ-LXD-nin sədri, Seymdə müxalifətin lideri Andriyus Kubilyus demişdir: “Biz Avropa İttifaqına üzvlüyümüzün 10 illiyinin uğurlu olduğunu qeyd edərək, əminliklə bildiririk ki, Avropa Şərqə doğru genişlənməlidir. Biz Avropa Xalq Partiyasının üzvləri və imperiyanın məngənəsindən qurtulmuş ölkələrdən olan assosiasiya olunmuş üzvlərin sağ-mərkəzçi partiyaları arasında qeyri-formal əməkdaşlıq şəbəkəsi təsis etməyi planlaşdırırıq”. O vurğulamışdır ki, bu tədbir Vİ-LXD-nin partiyanın müxalifətdə və ya hakimiyyətdə olmasına baxmayaraq əhəmiyyətli olan, çox vaxt ölkənin rəsmi diplomatiyasının əldə edə bilmədiyi nəticələrə müvəffəq olmağa imkan verən ardıcıl və fəal “partiya diplomatiyası” siyasətinin davamıdır.
Konfrans başa çatandan sonra Aİ-nin Şərq tərəfdaşlığı siyasətini dəstəkləyən şəbəkənin təsis bəyannaməsini imzalamaq nəzərdə tutulur. Qeyri-formal şəbəkənin missiyası “Şərq Tərəfdaşlığı” Proqramının üzvü olan dövlətlərin daha təhlükəsiz, demokratik və azad gələcəyinə təsirli dəstək göstərməkdir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs