CƏMİYYƏT
Vüqar Kərimov: Gələn il Bakı iqlim dəyişikliyinin müzakirə olunduğu mərkəzi platforma olacaq
Ağdam, 25 dekabr, Göyçək Mahmudlu, foto Arif Quluzadə, AZƏRTAC
Gələn ilin noyabrında COP29-a Bakı ev sahibliyi edəcək. 2024-cü ildə iqlim dəyişikliyinin, biomüxtəlifliyin, ətraf mühit məsələlərinin müzakirə olunduğu dünyanın mərkəzi platforması paytaxtımız olacaq.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini, ekoloji məsələlər üzrə işçi qrupun rəhbəri Vüqar Kərimov işçi qrupun Ağdamda keçirilən iclasında deyib.
"COP29 Azərbaycanda keçirilən tədbirlərə nisbətən miqyasına görə çox böyükdür. Belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi böyük məsuliyyətdir. Həmin tədbirin Azərbaycanda keçirilməsi qərarı Prezident İlham Əliyevin dünyada olan nüfuzunun göstəricisidir.
Bu tədbirin təşkil olunması ilə bağlı ölkə üzərinə çox böyük vəzifələr də düşür. COP tədbirləri ən böyük insan auditoriyasını əhatə edən tədbirlərdir. BƏƏ-nin Dubay şəhərində keçirilən COP28-də 110 mindən çox insan qeydiyyatdan keçmişdi, 85 mindən çox insan isə tədbirin iştirakçısı oldu. Bakıda keçiriləcək COP29-da 30-40 min adamın iştirak etməsi gözlənilir. 100-dən çox dövlət başçısı və dövləti təmsil edən birinci şəxslərin iştirakı planlaşdırılır. Bu böyük tədbirlə bağlı dövlətin qarşısında öhdəliklər var. Prezident İlham Əliyevin iştirakı ilə bununla əlaqədar toplantı keçirildi. Təkliflərin hazırlanması ilə bağlı bütün dövlət qurumlarına, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırıqlar verildi. Bu gün Prezident İlham Əliyev tərəfindən "Yaşıl Dünya Naminə Həmrəylik İli" elan olundu. Bu da böyük çağırışdır. Görünən odur ki, növbəti ilimiz ekoloji tədbirlərlə çox zəngin il olacaq", - deyə nazir müavini qeyd edib.