REGİONLAR
“www.kobmarket.az” ticarət portalının imkanları Zaqatala sahibkarlarına təqdim olunub
Bakı, 24 sentyabr, AZƏRTAC
Zaqatala-Balakən KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən “www.kobmarket.az” onlayn ticarət platformasının imkanlarına dair sahibkarlar üçün təqdimat keçirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, mərkəzin eksperti tərəfindən onlayn satış platformasında qeydiyyatdan keçmə, məhsulların yerləşdirilməsi qaydaları, sifarişlərin qəbul edilməsi və portal tərəfindən mütəmadi olaraq təşkil olunan kampaniyalar barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, portal sahibkarların, xüsusilə də mikro və kiçik sahibkarlıq subyektlərinin satış imkanlarının artırılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə yaradılıb. Portalda qeydiyyat prosesi sadədir və sahibkar satışa dair zəruri məlumatları hesabat şəklində saytdan əldə edə bilər. “www.kobmarket.az” platforması regionda fəaliyyət göstərən mikro və kiçik biznes subyektlərinin məhsullarının daha geniş auditoriyaya tanıdılması və satış imkanlarını genişləndirmələri üçün əhəmiyyətli dəstək aləti ola bilər. Ehtiyac yaranacağı təqdirdə Zaqatala-Balakən KOBİM tərəfindən də “www.kobmarket.az” platformasında onlayn mağazanın yaradılması üçün sahibkarlara müvafiq dəstək göstəriləcək. Tədbir zamanı sahibkarlıq subyektlərinin “www.kobmarket.az” ticarət portalı barədə sualları da cavablandırılıb.