İQTİSADİYYAT


“www.taxfree.az” internet saytı istifadəyə verilib

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

Vergilər Nazirliyinin müvafiq əmri ilə “Tax Free” sisteminin bütün zəruri məlumatlarını özündə əks etdirən və domen adı “www.taxfree.az” olan internet saytı yaradılıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, www.taxfree.az saytına keçid Vergilər Nazirliyinin www.taxes.gov.az və www.e-taxes.gov.az internet saytlarında və sosial şəbəkələrdəki rəsmi səhifələrdə yerləşdirilib.

Azərbaycanda “Tax Free” sistemi haqqında bütün zəruri məlumatları özündə əks etdirən www.taxfree.az internet səhifəsi Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir. Bu resurs vasitəsi ilə istifadəçilər öncə Azərbaycan haqqında, o cümlədən ölkəyə gəlmək istəyən əcnəbi vətəndaşlar onlara lazım olan bütün məlumatlarla (məsələn, elektron turist vizaları barədə) tanış olma imkanı əldə edə bilərlər.

Səhifədə “Tax Free” sisteminin Azərbaycandakı özəllikləri barədə, bu sistemi tənzimləyən qanunvericilik aktları, normativ sənədlər barədə hər üç dildə ətraflı məlumat almaq mümkündür. İstifadəçi rahatlığını təmin etmək üçün alıcı və satıcılara aid xüsusi bölmələr yaradılıb. Belə ki, “Tax Free” sistemindən yararlanmaq istəyən alıcılar ƏDV-nin qaytarılması şamil olunmayan mallar, "Tax Free" stikeri olan mağazalarda malların satışının rəsmiləşdirilməsi, ƏDV-nin geri qaytarılması, habelə “Tax Free” sisteminə qoşulmuş ticarət obyektləri barədə məlumatlana bilərlər.

“Tax Free” sistemini öz ticarət obyektlərində tətbiq edən satıcılar isə bu sistemə qoşulmaq üçün zəruri olan tələblər, qeydiyyat və qeydiyyatın ləğv olunma prosesi, öz mağazalarında malların satışının rəsmiləşdirilməsi, habelə Vergilər Nazirliyinin İnternet vergi idarəsi portalındakı “Tax Free” bölməsindən istifadə təlimatı ilə tanış ola bilərlər.

Səhifədə həm də ölkə üzrə “Tax Free” sisteminə qoşulmuş bütün ticarət obyektləri barədə məlumatla (obyektin adı, yerləşmə ünvanı) ətraflı tanış olmaq mümkündür. ƏDV-nin qaytarılması, o cümlədən ölkə ərazisindəki hava limanlarında “Tax Free” məntəqələri barədə ətraflı məlumatlar isə “TAX REFUND” bölməsində yer alır.

Bundan başqa, səhifədə əks-əlaqə yaratmaq imkanları da təqdim olunur ki, bunlar Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195-1), Vergi ödəyicilərinə xidmət mərkəzləri barədə məlumatlar və nazirliyin rəsmi səhifəsindəki sual-cavab bölməsi vasitəsilə yaradılmış imkanları özündə cəmləşdirir. Alıcıların rahatlığını təmin etmək üçün daha bir imkan – “Tax Free Kalkulyatoru” da hazırlanaraq istifadəyə verilib.

Qeyd olunub ki, “taxfree.az” səhifəsindən başqa Azərbaycanda “Tax Free” sistemi barədə lazımi məlumatları istifadəçilər həm “Facebook”, həm də “Twitter” sosial şəbəkələrində yaradılmış rəsmi səhifələrdən də ala bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.