CƏMİYYƏT
Xaçmazda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması prosedurları ilə bağlı maarifləndirmə tədbiri keçirilib
Bakı, 26 yanvar, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) Xaçmaz Regional Miqrasiya İdarəsi “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması prosedurları” mövzusunda onlayn maarifləndirmə tədbiri keçirib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, miqrasiya qanunvericiliyinin təbliği məqsədi daşıyan tədbirdə regional miqrasiya idarəsinin xidməti ərazisinə aid olan Quba rayonunun inzibati ərazi dairə nümayəndəliklərinin sədr və müavinləri iştirak ediblər.
Tədbirdə regional miqrasiya idarəsinin rəis müavini Nəbi Əsgərov DMX-nin fəaliyyət istiqamətləri, Xidmət tərəfindən göstərilən elektron xidmətlər, tətbiq olunan yeniliklər, yeddi gün 24 saat üç dildə fəaliyyət göstərən 919 - Çağrı mərkəzi, mobil tətbiq - MİGAZ, eləcə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri, qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri barədə iştirakçıları məlumatlandırıb. Həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması prosedurları izah olunub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.