MƏDƏNİYYƏT
“Xalçaçılıq sənətini yaşat və təbliğ et” layihəsinə yekun vurulub
Bakı, 21 fevral, Flora Şükürova, AZƏRTAC
Fevralın 21-də Azərbaycan Xalça Muzeyində “Xalçaçılıq sənətini yaşat və təbliğ et” layihəsinin yekunlarına həsr olunmuş tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, dövlət başçısının “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi” haqqında müvafiq Sərəncamına uyğun olaraq gerçəkləşən layihə Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə layihənin koordinatoru Fuad Rəsul deyib ki, sözügedən layihə paytaxtla yanaşı, regionlarda da təşkil olunub. Belə ki, bu layihə çərçivəsində ilk tədbirlər Gəncə şəhərində keçirilib.
Vurğulanıb ki, gələcəkdə ölkəmizin hüdudlarından kənarda azərbaycanlıların kompakt yaşadığı ərazilərdə bu layihə çərçivəsində silsilə tədbirlər nəzərdə tutulur.
Qeyd olunub ki, layihənin əsas məqsədi ölkəmizin bütün bölgələrində Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlərboyu qoruduğu qədim sənət növü olan xalçaçılıq tarixinin öyrənilməsi, unudulmaqda olan xalça sənətinin dirçəlişi və gənc nəsillərə təbliği məqsədilə xalçaçılıq üzrə tədris planı təşkil etməkdir.
Daha sonra tələbələr və digər iştirakçılar muzeydə yerləşən eksponatlarla tanış olublar, onlara eksponatlar haqqında geniş məlumatlar verilib.
Sonda layihəni uğurla başa vuran gənclərə sertifikatlar təqdim olunub.