MƏDƏNİYYƏT
“Xanuma” tamaşası maraqla qarşılanıb
Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Avksenti Saqarelinin “Xanuma” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş edilib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşa Mikayıl Mikayılovun quruluşunda təqdim olunub. Quruluşçu rəssamı Mustafa Mustafayev olan səhnə əsərinin bəstəkarı Tofiq Quliyevdir. Tamaşada rəqslərin quruluşu Zakir Ağayev və Yelena Ağayevaya məxsusdur.
Dilbər İsmayılovanın idarə etdiyi tamaşada əsas rolları Xalq artistləri Bəsti Cəfərova, Cəfər Namiq Kamal, Ramiz Novruz, Səidə Quliyeva, Hacı İsmayılov, Əməkdar artistlər Mətanət Atakişiyeva, Elşən Cəbrayılov, Şəlalə Şahvələdqızı, Kazım Abdullayev, Məsmə Aslanqızı, Elşən Rüstəmov, İradə Həsənova və digərləri ifa edib.
Rəngarəng musiqilər, maraqlı, zəngin dekorasiya və aktyorların məharətli çıxışı tamaşanı daha da baxımlı edib.
Qeyd edək ki, Avksenti Saqarelinin 1882-ci ildə yazdığı bu əsər əsasında Milli Dram Teatrında hazırlanan tamaşada hadisələr XIX əsrdə Tiflisdə baş verir. Müflisləşən knyaz bu bəladan yaxa qurtarmaq, borclarını qaytarmaq və rahat yaşamaq üçün evlənmək istəyir və səhnə əsərindəki hadisələr də bu məsələ üzərində qurulub.