İQTİSADİYYAT
Xarici dövlət borcu cari il üzrə proqnozlaşdırılan ÜDM-in 10 faizi həcmində olub
Bakı, 17 iyul, AZƏRTAC
İyulun 1-nə xarici dövlət borcu 6576,9 milyon ABŞ dolları təşkil edib və cari il üzrə proqnozlaşdırılan ÜDM-in 10,0 faizi həcmində olub.
Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hesabat dövrünə daxili dövlət borcu 4970,3 milyon manat təşkil edib və cari il üzrə proqnozlaşdırılan ÜDM-in 4,5 faizi həcmində olub. Daxili dövlət borcunun əsas hissəsi dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi və dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi məqsədilə buraxılmış dövlət istiqrazlarından ibarətdir. Hesabat dövrünə dövriyyədə olan dövlət istiqrazlarının 28,5 faizi 1 illik, 54,0 faizi 2 və 3 illik,17,5 faizi isə 5 və 7 illik dövlət istiqrazlarının payına düşür.
İyulun 1-nə Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 16151,0 milyon manat və ya 2023-cü il üzrə proqnozlaşdırılan ÜDM-in 14,5 faizini təşkil edib.
Yanvar-iyun aylarında dövlət borcuna xidmət edilməsi ilə bağlı xərclər 430,8 milyon manat təşkil edib və ya dövlət büdcəsinin həmin dövr üzrə ümumi xərclərin 3,1 faizinə bərabər olub. Sözügedən xərclərin 352,7 milyon manatı xarici dövlət borcuna xidmət xərclərinin, 78,1 milyon manatı isə daxili dövlət borcuna xidmət xərclərinin payına düşür.
Bununla yanaşı, 2023-cü ilin birinci yarısında xarici dövlət borcu üzrə əsas borc ödənişlərinin 290,8 milyon manatı, daxili dövlət borcu üzrə vaxtı çatan əsas borc ödənişlərinin 433,3 milyon manatı, ümumilikdə 724,1 milyon manat məbləğində vəsait daxili maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazları hesabına yenidən maliyyələşdirilib.