SİYASƏT
XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Cihan Əmin Məhəmməd Əlini qəbul etmişdir.
Görüş zamanı səfir Cihan Əmin Məhəmməd Əli öz ölkəsinin xarici işlər naziri Əhməd Mahirin səmimi salamlarını nazir Vilayət Quliyevə çatdırmış və Misirə səfər etmək üçün dəvət məktubunu təqdim etmişdir. Səfir bu səfərin iki ölkə arasındakı münasibətlərin möhkəmlənməsi və genişlənməsi üçün faydalı olacağına inam yaratdığını qeyd etmişdir.
Nazir Vilayət Quliyev dəvətə görə minnətdar olduğunu və bu təklifi məmnuniyyətlə qəbul etdiyini bildirmiş, Misir ilə Azərbaycan arasındakı əlaqələri yüksək qiymətləndirmişdir.
Sonra Vilayət Quliyev və Cihan Əmin Məhəmməd Əli Yaxın Şərqdəki vəziyyət barədə ətraflı fikir mübadiləsi aparmışlar.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunmuşdur.