RƏSMİ XRONİKA
XARİCİ İŞLƏR NAZİRLİYİNİN NAXÇIVAN MR-DƏKİ İDARƏSİNİN YENİ BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR
Burada dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar. Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi, bina ilə tanış oldu.
Dövlətimizin başçısına məlumat verildi ki, yeni binanın inşasına ötən ilin mayında başlanmışdı. Konsulluq şöbəsində Sədərək, Culfa, Şahtaxtı sərhəd-keçid məntəqələri və Naxçıvan beynəlxalq hava limanı üzrə viza və pasport məsələləri ilə də məşğul olacaqlar. Binadakı kompyuterlərin hamısı avtomatlaşdırılmış mərkəz axtarışı və mərkəzi pasport sisteminə qoşulmuşdur.
Burada protokol şöbəsi, katiblik, server otaqları və digər bölmələr üçün də rahat şərait vardır.
Müxtəlif ədəbiyyatla təchiz olunan kitabxanada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin xarici siyasəti ilə bağlı keçirdiyi tədbirlərə dair kitablar da toplanmışdır.
Arxiv, konfrans salonu, müxtəlif xidmət otaqları da müasir tələblərə cavab verir.
Binanın ətrafı abadlaşdırılmış, ağac və gül kolları əkilmiş, müasir işıqlandırma sistemi quraşdırılmışdır.