DÜNYA
Xərçəng əleyhinə nanopreparat insan üzərində uğurla sınaqdan keçirilmişdir
Bakı, 6 aprel (AZƏRTAC). Mütəxəssislər sağlam toxumalara zərər vermədən preparatı birbaşa şişə çatdıran nanohissəciklərin əczaçılığın perspektivli istiqaməti olduğunu etiraf etmişlər. Onlar "BIND Biosciences" şirkətinin hissəciklərin kliniki sınaqlarının nəticələrini açıqlamalarından sonra buna bir daha əmin olmuşlar.
AZƏRTAC “New Scientist”-ə istinadən xəbər verir ki, nanohissəciklərin daşıdıqları xərçəng əleyhinə preparat insanda şişin ölçüsünü azaltmağa qadirdir. Belə ki, xərçəngin dayanıqlı formalarına mübtəla olmuş 17 könüllünün qanına vurulan nanohissəciklər dotsetaksellə doldurulmuşdur. 42 gündən sonra alimlər təcrübənin iştirakçılarındakı şişlərin vəziyyətini yoxlamışlar. Nəticədə şişlərin ölçüsü xeyli azalmış, yerdə qalan törəmə isə sadəcə böyüməmişdir.
Dotsetaksel orqanizmə adi üsulla vurulduqda, xərçəng toxumaları ilə sağlam toxumalar arasında fərq qoymadan hər ikisinə eyni dərəcədə zərər verir. Nanohissəciklər isə dərmanı yalnız şişin səthindəki hissəciklərlə reaksiyaya girərkən azad edir. Nəticədə onun işləməsi üçün 80 faiz az dərman tələb olunur və toksiki effekt azalır.