İQTİSADİYYAT
Xətai rayonunun Abbas Fətullayev küçəsi əsaslı şəkildə təmir edilib VİDEO
Bakı, 4 iyun, AZƏRTAC
Dövlətimizin başçısının tapşırığına əsasən, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2021-ci ilin investisiya proqramına uyğun olaraq, paytaxtın Xətai rayonu üzrə təmirə ehtiyacı olan ümumi uzunluğu 11,4 kilometr təşkil edən qəsəbədaxili küçə və yolda təmir-tikinti işləri davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, cari ilin İnvestisiya Proqramına uyğun olaraq, Xətai rayonu üzrə təmir-tikinti işlərinin yekunlaşdığı növbəti ərazi Abbas Fətullayev küçəsidir.
Uzunluğu 2,8 kilometr, ortalama eni təqribən 18 metr təşkil edən küçə uzun müddət təmir olunmadan istismar olunduğundan gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Məhz bu səbəbdən aparılan yenidənqurma işləri çərçivəsində küçəboyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işlər icra olunub. Daha sonra küçəyə yeni asfalt-beton örtüyü döşənib.
Təmir zamanı küçəboyu zəruri yerlərdə piyada səkiləri bərpa olunub, səkilərin hərəkət hissəsi asfaltlanıb, təmir işlərinin aparıldığı ərazidə köhnə səki daşları yenisi ilə əvəz edilib.
Bu işlərə paralel olaraq, küçəboyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub. Sonuncu mərhələdə isə avtonəqliyyat vasitələrinin normal hərəkətinin üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.
Layihəyə uyğun olaraq, asfaltlanma işləri yekunlaşdıqdan sonra Abbas Fətullayev küçəsi müvafiq yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Sözügedən küçədə təmir işləri 38 min kvadratmetr sahədə aparılıb.
Hazırda Xətai rayonu üzrə təmir-tikinti işləri yol infrastrukturu baxımından ən işlək küçələrindən hesab olunan Əliağa Şıxlinski küçəsinin Neapol dairəsindən Məhəmməd Hadi və Nəsirəddin Tusi küçələrinə qədər olan hissəsində, həmçinin Kazımağa Kərimov küçəsində də aparılır. Sözügedən küçələrin təmir olunan hissəsinin uzunluğu 3,9 kilometr təşkil edir.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılan işlərin vaxtında yekunlaşdırılması üçün sözügedən ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Növbəti mərhələlərdə Sərəncam və İnvestisiya Proqramına uyğun Suraxanı rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
Ümumiyyətlə isə Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən Xətai rayonu ərazisində 2019-2020-ci illər ərzində ümumi uzunluğu 41,5 kilometr uzunluğunda olan 32 adda küçə və yolda təmir-tikinti işləri görülüb.