QAN YADDAŞI
Xocalı soyqırımı qurbanlarının xatirəsi Düşənbədə anılıb
Düşənbə, 25 fevral, AZƏRTAC
Azərbaycanın Tacikistandakı səfirliyi Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə bağlı anım mərasimi keçirib.
Mərasimdə Tacikistanın dövlət qurumlarının təmsilçiləri, diplomatik korpusun nümayəndələri, ölkənin tanınmış şəxsləri və jurnalistlər iştirak ediblər.
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə çıxış edərək Xocalı soyqırımını XX əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsi adlandırıb. Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində doğma torpaqlarından zorla çıxarılan bir milyondan artıq azərbaycanlının öz vətənlərində qaçqın və məcburi köçkünə çevrildiyi diqqətə çatdırılıb. Xocalı soyqırımından 27 il keçməsinə baxmayaraq, faciənin azərbaycanlıların xatirəsində əbədi iz qoyduğunu vurğulayan səfir bu soyqırımını bəşəriyyətə qarşı yönəlmiş cinayət kimi dəyərləndirib, Xocalıda insanların yalnız azərbaycanlı olduqları üçün qətlə yetirildiyini bildirib. O, Xocalı soyqırımının 10-dan artıq dövlətin parlamenti və ABŞ-ın 20-dən çox ştatı tərəfindən rəsmən tanındığını qonaqların diqqətinə çatdırıb. Qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə aparılan işlər nəticəsində artıq Azərbaycan həqiqətləri, Xocalıda baş verən hadisələr dünya ictimaiyyətinə çatdırılır.
Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Düşənbənin “Kayxon” kinoteatrında çoxsaylı beynəlxalq mükafatların laureatı, ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan “Sonsuz dəhliz” (“Endless Corridor”) sənədli filmi nümayiş etdirilib.
Filmi ürəkağrısı ilə izləyən tamaşaçılar Xocalı hadisələri nümunəsində erməni faşizminin əsl simasını bir daha görüb, bu cinayəti törədən şəxslərin tezliklə öz cəzalarını alacaqlarına şübhə etmədiklərini bildiriblər.
Xatırladırıq ki, “Sonsuz dəhliz” filmi ilk dəfə olaraq Tacikistanda nümayiş olunub. Tədbirdə iştirak edən tacik bloqqerlər və yerli KİV nümayəndələri də Xocalıda baş verən hadisələr barədə sosial şəbəkələrdə paylaşımlar ediblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə