QAN YADDAŞI
“Xocalıya ədalət!” kampaniyası çərçivəsində Litvada bir sıra tədbirlər keçirilib
Vilnüs, 25 fevral, AZƏRTAC
Litvanın aparıcı ali təhsil ocaqlarından olan Mykolo Romerio Universitetində “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımına həsr olunmuş tədbir və “Sonsuz dəhliz” sənədli filminin nümayişi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə yerli və əcnəbi tələbələr, müəllim-professor heyəti ilə yanaşı, Litva ictimaiyyətinin nümayəndələri, politoloqlar, kütləvi informasiya vasitələrinin təmsilçiləri, qeyri-hökumət təşkilatlarının fəalları, soydaşlarımız iştirak ediblər.
Səfir Tamerlan Qarayev çıxış edərək tədbir iştirakçılarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib, 27 il əvvəl Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımı haqqında ətraflı bəhs edib. O, dünyanın bir çox ölkələrində Xocalı faciəsinin soyqırımı kimi tanınmasına baxmayaraq, beynəlxalq birlik tərəfindən hələ də ona lazımi qiymət verilmədiyini deyib, insanlığa qarşı bu cür cinayətlərin bir daha təkrarlanmaması və ədalətin bərpa olunması üçün bütün sülhsevər xalqların səssiz qalmamaları çağırışını edib.
Çıxış edən digər tədbir iştirakçıları Xocalıda azərbaycanlılara qarşı törədilmiş vəhşiliyi Srebrenitsa və Xatında törədilən soyqırımı cinayətləri ilə eyniləşdirib, insanlığa qarşı soyqırımı kimi qiymətləndiriblər.
Sonra litvalı prodüser Andreas Brokasın həmmüəllifi olduğu “Sonsuz dəhliz” sənədli filminin baş qəhrəmanı, litvalı hərbi jurnalist Riçardas Lapaitis 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağda baş vermiş hadisələrdən danışıb, gözləri ilə gördüyü erməni vəhşiliklərindən bəhs edib.
Daha sonra “Sonsuz dəhliz” filmi nümayiş etdirilib. Səfirliyin dəstəyi ilə Litva və ingilis dillərində nəşr edilmiş kitablar və yüzlərlə broşür, buklet tədbir iştirakçılarına paylanılıb.
Vilnüsdən başqa, Litvanın Klaypeda, Kaunas və digər şəhərlərində də “Xocalıya ədalət!” kampaniyası çərçivəsində anım tədbirləri keçirilir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs