İDMAN
XXXI Yay Olimpiya Oyunlarının məşəli Yunanıstanda alovlandırılıb
Bakı, 21 aprel, AZƏRTAC
Rio-de-Janeyroda təşkil olunacaq XXXI Yay Olimpiya Oyunlarının məşəlinin alovlandırılması ilə əlaqədar aprelin 21-də Yunanıstanın Peloponnes yarımadasında təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, Yunanıstanda Olimp dağında alovlandırılan məşəl Braziliyaya gətiriləcək. Məşəl avqustun 5-də Braziliyanın ən böyük idman arenası olan “Marakana” stadionunda alovlandırılacaq. Sonra məşəl Rio-de-Janeyro şəhərinin mərkəzinə aparılacaq və Olimpiya Oyunları başa çatanadək orada saxlanılacaq.
Olimpiya məşəli 95 gün ərzində quruda 20 min, hava ilə 16 min kilometr məsafə qət edərək Braziliyanın 329 yaşayış məntəqəsindən keçəcək. Bütövlükdə isə məşəl daşıma yürüşündə 12 min nəfər iştirak edəcək.
“Rio-2016”nın bağlanış mərasimi avqustun 21-də olacaq.