CƏMİYYƏT
Yalçın Rəfiyev: COP29 komandası substantiv məsələlər üzrə üç əsas istiqamətdə fəaliyyət göstərir
Bakı, 1 may, AZƏRTAC
Hazırda COP29 komandası substantiv məsələlər üzrə üç əsas istiqamətdə fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bunu “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” adlı Beynəlxalq Təşkilatların III Zirvə Görüşündə açılış nitqi ilə çıxış edən COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.
Onun sözlərinə görə, bunlardan birincisi danışıqlar prosesinə hazırlıqdır. Hələ ki, COP29-un yekun sənədləri üzrə danışıqlar prosesi başlamayıb. Lakin həmin prosesə hazırlıq məqsədilə müxtəlif tərəf dövlətlərlə bu prosesin qeyri-tərəf olan iştirakçıları ilə aktiv məsləhətləşmələr, konsultasiyalara aparılır. Nəticədə onların mövqeləri öyrənilir və indidən danışıqlar prosesinin strategiyası hazırlanır.
“İkinci istiqamət olaraq, biz sədrin fəaliyyət gündəliyi adlandırılan COP29 sədrliyinin təşəbbüsləri və COP29 sədrliyi olaraq Azərbaycana daxil olan digər ölkə və təşkilatların təşəbbüsləri barədə məlumatları alıb təhlil edib və onların əsasında öz fəaliyyət gündəliyimizi hazırlayırıq. Nəhayət üçüncü istiqamət, milli səviyyədə Azərbaycan hansı tədbirlər görməlidir, hansı addımlar artmalıdır ki, özü qlobal miqyasda bir nümunə göstərə bilsin. Bu istiqamətdə də konsultasiyalar, fəaliyyətlər aparılır”, - deyə o əlavə edib.