QAN YADDAŞI
YAP İcra Katibliyində “Xocalı faciəsi fotolarda” adlı sərgi açılıb
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 25-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Xocalı soyqırımımın 28-ci ildönümünə həsr olunmuş “Xocalı faciəsi fotolarda” adlı sərgi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, Azərbaycan xalqı tarixboyu faciələrlə üzləşib. 28 il əvvəl baş verən Xocalı qətliamı isə Azərbaycan tarixində ən dəhşətli faciələrdən biridir. Bir gecədə erməni-daşnak silahlı qüvvələri, onlara havadarlıq edənlər tərəfindən Xocalı şəhəri tamamilə məhv edilib, yer üzündən silinib. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq bir valideynini itirib. Xocalı faciəsi hərbi cinayətdir. Çünki qətlə yetirilən insanlar dinc, köməksiz insanlar olub. Bu mənada bu qətliam təkcə Azərbaycan xalqının başına gətirilən faciə deyil. Xocalı soyqırımı 20-ci əsrdə dünyanın ən dəhşətli qətliamlarından biridir, bəşəriyyətə, insanlığa qarşı cinayətdir. Azərbaycan xalqı bu faciəni unutmur və heç zaman unutmayacaq. Xocalı faciəsi bizim qan yaddaşımıza çevrilib. Hər il xalqımız bu faciəni, onun qurbanlarının xatirəsini anır.
Bu qətliamı törədənlərin hələ də cəzalarını almadıqlarını bildirən Baş Nazirin müavini deyib: “Bizim istəyimiz odur ki, bu qətliamı törədənlər layiqli cəzalarını alsınlar, qanun qarşısında cavab versinlər. Təəssüf hissi ilə qeyd etməliyik ki, bəzi beynəlxalq təşkilatlar Xocalı qətliamına lazımi qiymət verməyiblər. Məqsədimiz Xocalı faciəsini dünyaya tanıtmaqdır. Bu istiqamətdə dövlət tərəfindən, ictimai təşkilatlar tərəfindən işlər görülür, bəzi ölkələr artıq Xocalı soyqırımını tanıyıblar. Bu baxımdan, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının böyük əhəmiyyəti var. Güman edirəm ki, bu faciəni soyqırımı kimi tanıyanların sayı artacaq”.
Digər çıxışçılar da Xocalı faciəsi ilə bağlı fikirlərini bildiriblər.