DÜNYA
Yaponiya aprelin 29-da ölkəyə bütün giriş məhdudiyyətlərini aradan qaldıracaq
Bakı, 26 aprel, AZƏRTAC
Yaponiya aprelin 29-dan etibarən koronavirus pandemiyası səbəbindən ölkəyə giriş məhdudiyyətlərini tamamilə aradan qaldırmağı planlaşdırır.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, əvvəlcə məhdudiyyətlərin mayın 8-də aradan qaldırılması nəzərdə tutulsa da, Yaponiya hökuməti aprelin sonlarından mayın əvvəllərinə qədər davam edəcək “Qızıl həftə” bayramı ilə əlaqədar həmin müddəti irəli çəkmək qərarına gəlib. Belə ki, bayram günləri yaponiyalıların əksəriyyəti səyahətə çıxır.
Eyni zamanda mayın 8-də Yaponiyada koronavirus infeksiyasının statusunun mövsüm qripi kimi az təhlükəli viruslar kateqoriyasına salınması gözlənilir.
Hazırda Yaponiyaya səfər edənlər Ümumdünya Səhiyyə Təşkilatının təsdiqlədiyi COVID-19 əleyhinə üç doza peyvənd olunmaları barədə sertifikat və ya ölkəyə daxil olmazdan 72 saat əvvəl verilmiş koronavirus testinin mənfi nəticəsi barədə arayış təqdim etməlidir. Karantin də daxil olmaqla digər tələblər və məhdudiyyətlər isə Yaponiya hakimiyyəti tərəfindən hələ ötən il ləğv edilmişdi.