ELM VƏ TƏHSİL
YAPONİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ ŞƏKİDƏ TƏDRİS KORPUSUNUN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR
Bu münasibətlə aprelin 15-də Yaponiyanın ölkəmizdəki səfiri Masamitsu Okinin, habelə Təhsil Nazirliyi nümayəndələrinin, şəhər rəhbərliyi və məktəb kollektivinin iştirakı ilə təntənəli mərasim keçirilmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Şəki Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Zərinə Cavadova yeni tədris korpusunun istifadəyə verilməsini rayonun həyatında əlamətdar hadisə kimi qiymətləndirmiş, bu dəyərli hədiyyəyə görə Yaponiya hökumətinə şəhər ictimaiyyəti və məktəb kollektivi adından minnətdarlığını bildirmişdir. İcra hakimiyyəti başçısının müavini qeyd etmişdir ki, tezliklə Təhsil Nazirliyinin vəsaiti ilə bu tədris ocağı üçün şəhər ərazisində 640 şagird yerlik yeni məktəb binasının tikintisinə başlanılacaqdır.
Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Oki mərasimdə çıxış edərək ölkələrimiz arasında dostluq əlaqələrinin bütün sahələrdə uğurla davam etdirildiyini bildirmiş, bu istiqamətdə dövlət başçılarının səmərəli fəaliyyətlərini yüksək qiymətləndirmişdir. Proqram çərçivəsində indiyədək Şəkidə 7 layihənin həyata keçirildiyini bildirən səfir bu layihələrdən üçünün məktəb tikintisi, ikisinin səhiyyə, ikisinin isə su təchizatı ilə bağlı olduğunu nəzərə çatdırmışdır. Səfir bildirmişdir ki, yenicə başa çatan bu layihənin ümumi dəyəri 90 min ABŞ dollarıdır.
Layihənin rəhbəri, “Qadın Dünyası” İctimai Birliyinin sədri Kifayət Niftəliyeva “Ot kökləri və insan təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində Azərbaycanda həyata keçirilən layihələr barədə məlumat vermişdir.
Səfir Masamitsu Oki və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov yeni tədris korpusunun açılışını bildirən rəmzi qırmızı lenti kəsmiş və mərasim iştirakçıları burada yaradılan şəraitlə yaxından tanış olmuşlar.
Aprelin 16-da səfir Masamitsu Oki Şəkinin görməli yerləri, o cümlədən Kiş kəndindəki qədim alban məbədi və Şəki xanlarının sarayı ilə tanış olmuş, “Şəki-İpək” Açıq Səhmdar Cəmiyyətində istehsal prosesi ilə maraqlanmışdır.