REGİONLAR
Yardımlıda istehsalın əsas sahələri üzrə məhsul buraxılışının həcmi artıb
Yardımlı, 13 noyabr, Bağır Əliyev, AZƏRTAC
Yardımlı rayonunda istehsalın əsas sahələri üzrə məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artaraq 63 milyon 745 min 700 manat olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsindən məlumat verilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə rayon üzrə məhsul buraxılışının həcmində sənaye sahəsi üzrə 4,8 dəfə çox artım qeydə alınıb. Artım kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi üzrə 99,5 faiz, tikinti sahəsi üzrə 49 faiz, nəqliyyat və anbar təsərrüfatı üzrə 91 faiz, informasiya və rabitə sahəsi üzrə 105,5 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsi üzrə isə 121 faiz təşkil edib.
Bildirilib ki, rayonda məhsul buraxılışının ümumi həcmində kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsinin payı 52,6 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsi üzrə 33,9 faiz, sənaye sahəsi üzrə 7,3 faiz, tikinti sahəsi üzrə 4,6 faiz, nəqliyyat və anbar təsərrüfatı üzrə 0,9 faiz, informasiya və rabitə sahəsi üzrə isə 0,7 faiz olub.
Buraxılmış məhsulun 3,5 faizi dövlət, 96,5 faizi isə qeyri-dövlət mülkiyyətinə aid statistik subyektlərin payına düşüb.