REGİONLAR
Yardımlıda sənaye məhsullarının istehsalı 4,8 dəfə artıb
Yardımlı, 7 noyabr, Bağır Əliyev, AZƏRTAC
Bu ilin doqquz ayında Yardımlı rayonunda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 4 milyon 647 min 300 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,8 dəfə çox sənaye məhsulları istehsal edilib və xidmətlər göstərilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, rayonda sənaye məhsullarının istehsalı və xidmətlərin həcmi dövlət sektorunda 848,9 min manat olmaqla 18,3 faiz, qeyri-dövlət sektorunda isə 3 milyon 798 min 400 manat olmaqla 81,7 faiz təşkil edib.
Sənaye məhsulunun 81,7 faizi emal sektorunda, 12,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 5,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə emal sənayesi sektorunda istehsal və xidmətlərin həcmi 15,2 dəfə, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 16,8 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 18,4 faiz artıb.
İlin əvvəlindən sənaye sahəsində çalışan işçilərin orta siyahı sayı 191 nəfər olmaqla orta aylıq nominal əməkhaqqı 475,9 manat təşkil edib.