İQTİSADİYYAT
Yarım ildə xarici kredit hesabına 2 yol layihəsi üzrə işlər davam etdirilib
Bakı, 6 avqust, AZƏRTAC
Altı ayda xarici kredit vəsaiti hesabına M-2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi (130,15 kilometr, 4 hərəkət zolaqlı) və M-5 magistral avtomobil yolunun Yevlax-Şəki hissəsinin yenidən qurulması (58,12 kilometr, 2 hərəkət zolaqlı) layihələri üzrə işləri davam etdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov avqustun 6-da keçirilən 2021-ci ilin altı ayı ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş brifinqdə deyib.
O bildirib ki, layihələr Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankı ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir. Gəncə-Gürcüstan ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi işlərinin 2022-ci ildə başa çatdırılması nəzərdə tutulur.
“M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Yevlax-Şəki hissəsinin tikintisi” layihəsi üzrə yerinə yetirilmiş işlərin, həmçinin “R-32 Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun tikintisi” layihəsi üzrə yerinə yetirilmiş işlərin həcmi başa çatıb. AİB-lə bağlanmış kredit sazişi çərçivəsində Şəki, Yevlax, Ucar, Zərdab, Ağcabədi rayonlarında 61,68 kilometr uzunluğunda 10 kənd yolunun yenidənqurulması işləri həyata keçirilib, 18,94 kilometr uzunluğunda Yevlax və Şəki rayonlarında nəzərdə tutulmuş kənd yolları başa çatdırılıb, 42,74 kilometr uzunluğunda digər yollarda yenidənqurma işlərinin icrası 85 faiz təşkil edib.