CƏMİYYƏT
“Yaşıl dünya naminə həmrəylik ili” haqqında Sərəncam dayanıqlı ətraf mühitin yaradılmasına yönəlmiş iddialı ekoloji məqsədlər qoyur
Bakı, 26 dekabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev qlobal ekoloji problemlərin həlli üçün ictimai səfərbərliyin vacibliyini vurğulayaraq 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı strateji qərar qəbul edib. Bu qərarın qəbulu ölkənin qlobal ekoloji müzakirələrdə və iqlim dəyişikliyi ilə mübarizə səylərində fəal iştirak etməyə hazır olduğunu və sadiqliyini nümayiş etdirir. Ümumiyyətlə, Azərbaycan Respublikası Prezidentinin “Yaşıl dünya naminə həmrəylik ili” haqqında Sərəncamı ölkə qarşısında indiki və gələcək nəsillər üçün daha sağlam və dayanıqlı ətraf mühitin yaradılmasına yönəlmiş iddialı ekoloji məqsədlər qoyur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında beynəlxalq əlaqələr üzrə ekspert Masil Dəmirov söyləyib.
Onun sözlərinə görə, siyasi kontekstdə bu qərar təkcə Azərbaycanın ekoloji məsuliyyətini deyil, həm də qlobal problemlərin həllində əsas rol oynamağa hazır olduğunu vurğulayır, ölkəmizin ekoliderlik yüksəlişinə doğru olduğunu göstərir. Prezident sərəncamında ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayaraq, ölkənin iqlim dəyişikliyi ilə mübarizə sahəsində qlobal səylərdə fəal rol oynamağa hazır olduğunu vurğulayıb. Bu addım Azərbaycanın ekologiya və davamlı inkişaf məsələlərində dünya birliyində məsuliyyətli iştirakçı rolunu qəbul etdiyini nümayiş etdirir. Siyasi reallıqlara Azərbaycanın dünya miqyasında yerini möhkəmləndirmək, dünya ictimaiyyətinin diqqətini onun təşəbbüslərinə cəlb etmək və davamlı inkişaf kontekstində ölkə haqqında əlverişli imici yaratmaq istəyi daxildir. Bu, həm də ölkənin və vətəndaşların gələcəyinə qayğının gücləndirilməsində əlavə сiddi təkan ola bilər.