SİYASƏT
Yeni Azərbaycan Partiyasında KİV nümayəndələri ilə görüş keçirilib
Bakı, 21 iyul (AZƏRTAC). İyulun 21-də Yeni Azərbaycan Partiyasında bir qrup KİV nümayəndəsi ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov jurnalistləri qarşıdan gələn 22 iyul - Milli Mətbuat Günü münasibətilə təbrik edərək müasir dünyada mətbuatın oynadığı önəmli roldan danışıb. Bildirib ki, Azərbaycanda iqtisadiyyatla yanaşı, demokratik dəyərlər də inkişaf edib, güclü vətəndaş cəmiyyəti formalaşıb. Vətəndaş cəmiyyətinin ayrılmaz tərkib hissəsi olan mətbuat insanları müxtəlif məlumatlarla təmin etməklə yanaşı, eyni zamanda, onları maarifləndirir.
Azərbaycan mətbuatının şərəfli tarixi yol keçdiyini vurğulayan S.Novruzov deyib ki, müstəqillik illərində mətbuatımız daha parlaq inkişaf mərhələsinə qədəm qoyub. Milli mətbuatımızın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider hər zaman KİV-in inkişafına xüsusi diqqət və qayğı göstərib. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ölkəmizdə ənənəvi mətbuatla yanaşı, internet medianın da formalaşaraq inkişaf etdiyini deyən YAP icra katibinin müavini dövlət tərəfindən mətbuatın fəaliyyəti üçün hər cür şərait yaradıldığını vurğulayıb. Jurnalistlərə həmişə diqqət və qayğı ilə yanaşan Azərbaycan Prezidentinin tapşırığı ilə mənzilə ehtiyacı olan mətbuat nümayəndələri üçün yaşayış binası tikilib və onlara paylanılıb.
Qeyd olunub ki, söz və fikir azadlığının qorunub saxlanılması Azərbaycan Prezidentinin siyasətində prioritet istiqamətlərdən biridir. Hazırda ölkəmizdə müxtəlif siyasi baxışlara malik çoxsaylı qəzet, jurnal və internet saytlarının sərbəst şəkildə fəaliyyət göstərməsi də bunu təsdiqləyir.
YAP icra katibinin müavini jurnalistlərə çətin və şərəfli peşələrində uğurlar arzuladı.
Sonra bir qrup mətbuat nümayəndəsinə mükafatlar təqdim olundu.