İQTİSADİYYAT
YENİ PENSİYA SİSTEMİNƏ KEÇİLMƏSİ HAQQINDA QANUN LAYİHƏSİ HAZIRDIR
Milli Məclisin dekabrın 3-də keçirilən iclasında sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli bildirmişdir ki, yeni pensiya sisteminə keçilməsi haqqında qanun layihəsi tezliklə parlamentin ümumi iclasında müzakirə ediləcəkdir.
Onun dediyinə görə, yeni sistemə tam keçmək üçün Əmək Məcəlləsində iş qabiliyyətli hər bir vətəndaşa dövlət sosial sığortası haqqında şəhadətnamələr verilməsi qaydasını nəzərdə tutan dəyişikliklər etmək lazımdır. Potensial pensiyaçıları fərdi qeydiyyata almaq və onlara şəhadətnamələr vermək məqsədi ilə 2003-cü il dövlət büdcəsindən böyük məbləğdə vəsait ayrılmışdır. Bundan əlavə, Sosial Müdafiə Fondu dövlət sektorunda və özəl sektorda çalışanların qeydiyyatı üzrə ciddi iş aparır.