RƏSMİ XRONİKA
YEVLAX RAYON MƏRKƏZİ XƏSTƏXANASININ TƏMƏLQOYMA MƏRASİMİ
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Yevlax rayon Mərkəzi xəstəxanasının təməlqoyma mərasimində iştirak etmişdir.
Səhiyyə işçiləri, ictimaiyyətin nümayəndələri dövlətimizin başçısını böyük hörmət və ehtiramla, hərarətli alqışlarla qarşıladılar.
Prezident İlham Əliyev xəstəxananın baş planı ilə tanış oldu. Bildirildi ki, 235 çarpayılıq xəstəxana 3 korpusdan ibarət olacaqdır. Tikinti üçün 4,3 hektar sahə ayrılmışdır. Xəstəxananın birinci mərtəbəsində laboratoriya və diaqnostika bölməsi, həkim otaqları, ikinci mərtəbədə qadın məsləhətxanası, poliklinika, üçüncü mərtəbədə uroloji və, doğum şöbələri, dördüncü mərtəbədə ümumi terapiya, beşinci mərtəbədə nevroloji, kardioloji şöbələr yerləşəcəkdir. Bölgənin ən böyük səhiyyə ocağının tikintisini ən geci iki il yarıma başa çatdırmaq nəzərdə tutulur. İnşaat işlərini yerli şirkət həyata keçirəcəkdir.
Dövlətimizin başçısı gilizi binanın təməlinə qoydu və beton qarışığı tökdü, inşaatçılara uğurlar arzuladı.
Prezident İlham Əliyev tibb işçiləri ilə görüşüb söhbət etdi, onları təbrik edərək dedi:
-Burada gözəl xəstəxana tikiləcəkdir. Bunun analoqu yoxdur, son illər ərzində tikilən xəstəxanalardan ən böyüyü, 235 çarpayılıq olacaqdır. Müasir avadanlıq və texnologiya ilə təchiz ediləcəkdir. Burada bütün şöbələr - kardiologiya, reanimasiya - hamısı olacaqdır. Belə gözəl xəstəxana maksimum iki il yarıma tikilib başa çatdırılacaqdır. Köhnə xəstəxanaya ehtiyac qalmayacaq, görürəm, onu rəngləyiblər, amma yenə də yaxşı deyil. O, keçmişdə tikilib və bu günün tələblərinə cavab vermir.
O vaxt regional mərkəzin harada olması barədə yerə baxanda, mən Yevlaxı seçdim. Çünki Yevlax ölkəmizin coğrafi mərkəzidir. Həm də burada işlər yaxşı gedir. Harada yaxşı işləyirlərsə, mən gərək onları həvəsləndirim. Hamı yaxşı işləsə, hər yerdə belə xəstəxana olacaqdır. Yəni hər şey ədalətli olmalıdır. Siz də yaxşı hazırlaşın, belə gözəl xəstəxanada işləyəcəksiniz. Burada müasir avadanlıq olacaq, hər şey dünya səviyyəsində olacaqdır. Həkimlərin böyük xidmətləri var. Onlar fədakar insanlardır. Bizim ailədə də həkim var. Mənim rəhmətlik anam da həkim olmuşdur. Ona görə mən yaxşı bilirəm həkim nədir. Maaşlarınız bu il 25 faiz qaldırılıb, amma hələ ki, azdır. Mən bilirəm, həkimlərin maaşı azdır, bununla barışmaq olmaz. Biz maaşları qaldıracağıq. Bunu gələn ildə görəcəksiniz.
Tibb işçiləri dövlətimizin başçısına təşəkkür edərək diqqət və qayğıdan razılıqlarını bildirdilər, onun apardığı daxili və xarici siyasəti daim ürəkdən dəstəkləyəcəklərini vurğuladılar.