Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 931-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 931-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 195 (Cild I) ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 5.1-1-ci və 5.1-2-ci bəndlər əlavə edilsin:

“5.1-1. “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş qaydada utilizasiyaya verilməzdən əvvəl nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Bu məqsədlə nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən bu Əsasnamənin 1.2-ci bəndində nəzərdə tutulmuş orqanlara müraciət edilir. Müraciət qəbul edildikdən sonra 3 (üç) iş günü müddətində həmin orqan tərəfindən araşdırma aparılaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılması və ya aşağıdakı hallardan hər hansı biri mövcud olduqda səbəbləri göstərilməklə dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmasından imtina barədə qərar qəbul edilir və müraciət edən şəxsə bu barədə yazılı məlumat verilir:

1) nəqliyyat vasitəsinin inzibati tənbeh etmə qismində müsadirə edilməsi və ya cinayət-hüquqi tədbir qismində xüsusi müsadirə edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;

2) nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) və ya məhkəmənin qanuni qüvvəyə minmiş və icra edilməmiş yekun qərarı olduqda;

3) nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər üzrə cəza və ya digər cinayət-hüquqi tədbirlər qismində cərimənin tətbiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş və icra edilməmiş yekun qərarı olduqda;

4) nəqliyyat vasitəsi üzərində həbs və ya yüklülük olduqda;

5) dövlət müəssisə, idarə və təşkilatlarına, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərə məxsus olan nəqliyyat vasitələrinin silinməsinə dair normativ hüquqi aktlarla müəyyən edilmiş hallarda və qaydada rəy verilmədikdə.

5.1-2. Nəqliyyat vasitələri utilizasiyaya “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun 14-7-ci maddəsinin birinci hissəsinin üçüncü abzasına uyğun olaraq dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən verildikdə, bu Əsasnamənin 5.1-1-ci bəndinin 1-ci, 4-cü və 5-ci yarımbəndlərinin tələblərinə əməl olunmaqla, həmin dövlət qeydiyyat orqanının qərarı ilə dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılır. Bu zaman bu Əsasnamənin 5.1-1-ci bəndinin 2-ci və 3-cü yarımbəndlərində nəzərdə tutulan ödənilməmiş cərimələrin olması nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmasına mane olmur.”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 196 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 25 yanvar tarixli 44 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.3-cü bəndin beşinci abzasına və 3.2-ci bəndin 4-cü yarımbəndinə “dövlət rüsumunun” sözlərindən sonra “və “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən utilizasiya haqqının” sözləri əlavə edilsin;

2.2. 1.6-cı bəndə “dövlət rüsumu,” sözlərindən sonra “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən utilizasiya haqqı,” sözləri əlavə edilsin.

3. Bu Qərarın 1-ci hissəsi 2024-cü il sentyabrın 1-dən, 2-ci hissəsi isə 2024-cü il fevralın 1-dən tətbiq edilir.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 8 fevral 2024-cü il

№ 78

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin