ELM VƏ TƏHSİL
ZAQATALADA 6 YENİ MƏKTƏB BİNASI TİKİLİR
Zaqatala rayonunda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən tədbirlərin davamı olaraq hazırda rayon mərkəzində və kəndlərdə 6 yeni məktəb binası inşa edilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Dövlət Neft Şirkəti rayonda aparılan tikinti-quruculuq işlərində, habelə məktəb tikintisində yaxından iştirak edir. Hazırda şirkətin maliyyə vəsaiti ilə Muxax kəndində 2 nömrəli orta məktəb üçün 500, Qazangül qəsəbəsində isə 360 şagird yerlik yeni məktəb binaları tikilir. Danaçı kəndində 3 nömrəli məktəb üçün 220, Qımır və Mazıx kəndlərində 240 və rayon mərkəzində internat məktəbi üçün inşa edilən 360 şagird yerlik binaların tikintisi isə dövlət tərəfindən maliyyələşdirilir.
Bundan əlavə, hazırda Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Göyəm kənd orta məktəbi üçün 200 şagird yerlik əlavə tədris korpusu, habelə daxili imkanlar hesabına Höytala kəndində əsas məktəb üçün 3 əlavə sinif otağı da inşa edilir. Təhsil ocaqlarının yeni dərs ilinədək istifadəyə verilməsi nəzərdə tutulmuşdur.