QAN YADDAŞI
ZAQATALADA SOYQIRIMI QURBANLARININ XATİRƏSİNƏ ABİDƏ UCALDILMIŞDIR
Zaqatala, 30 mart (AZƏRTAC). 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar martın 30-da Zaqatala rayonunda silsilə tədbirlər keçirilmişdir.
Rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, habelə rayonda təlim-məşq toplanışında olan cüdo üzrə yığma komandanın üzvləri əvvəlcə Zaqatala şəhərində soyqırımı qurbanlarının xatirəsinə yeni ucaldılmış “Azərbaycanlıların soyqırımı” xatirə-kompleksinin açılış mərasimində iştirak etmişlər. Rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov və Paralimpiya Oyunlarının ikiqat qalibi cüdoçu İlham Zəkiyev xatirə kompleksinin açılışını bildirən rəmzi qırmızı lenti kəsdikdən sonra tədbir iştirakçıları abidənin önünə əklil qoymuş, tər çiçək dəstələri düzmüş, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.
Daha sonra “Qala düzü” istirahət mərkəzində Azərbaycanlıların soyqırımına həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. Konfransda Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov “31 mart - Dünya Azərbaycanlılarının soyqırımı” mövzusunda məruzə etmişdir. Məruzədə azərbaycanlılara qarşı yüz illər boyu davam edən soyqırımı və deportasiya siyasətinin mahiyyəti və tarixi kökləri ətraflı təhlil edilmiş, soyqırımı hadisələrinə, erməni millətçilərinin qanlı cinayətlərinə hüquqi-siyasi qiymət verilməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri önə çəkilmişdir.
Konfransda azərbaycanlıların soyqırımından bəhs edən “Şuşa” və “Tarixin bir günü və ya bir günün tarixi” sənədli filmləri nümayiş etdirilmişdir.
######