CƏMİYYƏT
“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib
Bakı, 6 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” barədə növbəti ictimai dinləmə Gəncə şəhərində keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, işsiz və işaxtaran şəxslərin iştirakı ilə keçirilən tədbir layihə barədə məlumatlılığı artırmaq, nəzərdə tutulmuş hədəf kateqoriyalarını layihəyə cəlb etmək məqsədi daşıyıb.
Tədbirdə layihənin məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, layihəyə müraciət və layihədə iştirakın qaydaları barədə məlumat verilib.
İştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara müvafiq tövsiyələr verilib.