MƏDƏNİYYƏT
Dünya yazarlarının 54-cü Beynəlxalq Belqrad görüşündə Azərbaycan da təmsil olunub
Bakı, 22 sentyabr, AZƏRTAC
Belqradda keçirilən dünya yazarlarının 54-cü Beynəlxalq görüşündə Azərbaycan da təmsil olunur.
AZƏRTAC xəbər verir ki, gənc şair Fərid Hüseyn dünyanın bu nüfuzlu ədəbiyyat tədbirində iştirak edir.
İştirakçıların təşəbbüsü ilə şeir gecələrindən biri Dunay çayında üzən gəmidə baş tutub. Şeir gecəsinin bu formatda keçirilməsinin məqsədi şairləri Belqradın təbiət gözəllikləri ilə daha yaxından tanış etmək olub. Səyahət zamanı azərbaycanlı şair Fərid Hüseyn tədbir iştirakçılarına təqdim edilib və şeirlərini oxuyub.
İkinci şeir axşamı Serbiyanın Vrnyaçka-Banya şəhərində keçirilib. Şəhərin Mərkəzi kitabxanasında baş tutan tədbirdə Fərid Hüseyn “Anna Axmatovanın dilindən” adlı şeirini oxuyub və çıxış edib.
Dünya yazarlarının builki Belqrad görüşündə iştirak edən şairlər qruplar şəklində 5 yerə bölünərək iki günlük Serbiyanın ayrı-ayrı yerlərinə göndəriliblər.
Fərid Hüseynin təmsil olunduğu qrup Serbiyanın dilbər guşəsi hesab olunan Vrnyaçka-Banyaya səfər edib.
Bu mötəbər tədbirlə bağlı hazırlanan antologiyada Fərid Hüseynin “Anna Axmatovanın dilindən” adlı şeiri və tərcümeyi-halı da yer alıb.
Qeyd edək ki, builki görüşdə 21 ölkədən 30-dan çox şair iştirak edir. Amerika, Kanada, Böyük Britaniya, İtaliya, Almaniya, Fransa, Yunanıstan, Çexiya, Macarıstan, Rumıniya, Belarus, Ukrayna, Slovakiya, Albaniya, İsrail, Türkiyə və başqa ölkələrinin şairlərinin qatıldığı tədbirin gündəliyi olduqca zəngindir.
Bu il keçirilən poeziya axşamları Şarl Bodlerin ölümünün 125, Vladislav Petroviçin ölümünün 100, Borislav Peçikin vəfatının 25 illiyinə, Nobel mükafatı laureatı İvo Andriçinin anadan olmasının 125, Filip Visinjiçin anadan olmasının isə 250 illiyinə həsr edilib.