AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiya Prezidenti Yaponiya səfərinin yekunlarından danışıb

16.12.2016 [14:44]

Tokio, 16 dekabr, AZƏRTAC.

Rusiya Prezidenti Vladimir Putinin dövlət başçısı kimi Yaponiyaya 11 ildən sonra baş tutan səfərinin yekunları həm yapon, həm də rus mətbuatında geniş müzakirə olunur.
Bu səfər siyasi razılaşmalarla yanaşı, yapon və rus şirkətləri arasında çoxsaylı iqtisadi müqavilələrin imzalanması ilə də diqqəti cəlb edir. Belə ki, imzalanan müqavilələrə əsasən, yapon tərəfinin Rusiya iqtisadiyyatına yönəldəcəyi investisiyaların ümumi məbləği təqribən 2,5 milyard dollar təşkil edir.
Səfərin nəticəsi olaraq keçirilən mətbuat konfransında V.Putin bildirib ki, Rusiya və Yaponiya iqtisadiyyatı bir-birini tamamlayır və qarşıdurmadan uzaqdır. Lakin buna baxmayaraq, əməkdaşlığın potensialını açmaq üçün gərgin işləmək lazımdır. Rusiya Prezidenti vurğulayıb ki, iqtisadi sahədə birgə fəaliyyət ölkələrimiz arasında tərəfdaşlıq münasibətlərinin qurulması üçün əsaslı özül yaratmağa imkan verər.
Bunun həyata keçirilməsi məqsədilə Yaponiya Baş nazirinin təklif etdiyi səkkiz istiqamət üzrə ümumiləşdirilmiş təkliflər və Rusiya tərəfinin əsas layihələr üzrə təklifləri yaxşı əsas rolunu oynaya bilər.
İki ölkənin hökumət strukturları tərəfindən energetika, sənaye, kənd təsərrüfatı, səhiyyə, kiçik və orta biznes sahələrində birgə layihələrin ümumiləşdirilmiş siyahısı hazırlanıb. Həmin siyahının reallaşmasında son günlər aparılan müzakirələrin əhəmiyyətinə diqqət çəkən Rusiya Prezidenti deyib: “Güman edirik ki, bugünkü dialoq işlərin cari vəziyyətini konkret müzakirə etməyə, eyni zamanda, birgə fəaliyyətin gələcək hədəflərini müəyyənləşdirməyə kömək edəcək”.
Əgər Yaponiya tərəfi iqtisadi əməkdaşlıq yolu ilə mübahisəli adalar məsələsinin həllini danışıqların əsas predmeti kimi görürsə, Rusiya Prezidenti iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını əsas götürür və vurğulayır ki, bunun həllində iqtisadi əməkdaşlıq açar rolunu oynaya bilər: “Əgər kimsə hesab edir ki, biz yalnız iqtisadi əlaqələrin qurulmasında maraqlıyıq və sülh müqaviləsini ikinci plana çəkirik, deyə bilərəm ki, bu, heç də belə deyil. Zənnimcə, ən əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır və bu, bizə tarixi perspektiv üçün uzunmüddətli birgə fəaliyyət imkanları açar. Bu, adalardakı fəaliyyətdən daha vacibdir”.
İki ölkə arasında uzun müddət davam edən soyuq münasibətin aradan qaldırılmasının zəruriliyinə diqqət çəkən V.Putin vurğulayıb ki, bu, ölkələrin rəqabətədavamlılığının və iqtisadiyyatının inkişafına mühüm təsir göstərər. “Əgər biz gücümüzü birləşdirsək, bu, ölkələrimizin rəqabətədavamlılığını və iqtisadiyyatın inkişafını dəfələrlə artırar. Bax, biz buna çalışmalıyıq”, - deyə Rusiya Prezidenti bildirib.


Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az