AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

27.01.2017 [18:49]

Bakı, 27 yanvar, AZƏRTAC

Yanvarın 27-də Dövlət İmtahan Mərkəzində (DİM) “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” layihəsi çərçivəsində görüş keçirilib.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının, mərkəzin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları iştirak ediblər.
Görüşdə litvalı ekspert Giedrius Kazakeviciusin Almaniyanın, Renata Sadzeviciutenin Böyük Britaniyanın və Goda Aleksaitenin Latviyanın dövlət qulluğu vəzifələrinin qruplaşdırılması sahəsində təcrübələri təqdim olunub.
Müzakirələrlə davam edən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi tərəfindən Avropa İttifaqının (Aİ) Tvinninq yardım aləti çərçivəsində “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” layihəsinin həyata keçirilməsi ilə bağlı Litva Respublikası tərəfdaş ölkə kimi seçilib. Ötən il noyabrın 17-dən başlayan, Aİ tərəfindən maliyyələşdirilən layihə iki il müddətində reallaşdırılır. Layihənin əsas tərəfdaş qurumları Litva Respublikasının Dövlət Katibliyi, bu ölkənin Dövlət Qulluğu Departamenti və Avropa Sosial Fond Agentliyidir. Azərbaycanda peşəkar və dayanıqlı dövlət qulluğu sisteminin daha da inkişaf etməsinə dəstək verəcək layihənin əsas məqsədi dövlət qulluğu vəzifələrinin qruplaşdırılması sisteminin qurulması, bu sistemin dövlət qulluğuna qəbul, fəaliyyətin qiymətləndirilməsi və əməyin ödənilməsi sistemi ilə əlaqələndirilməsi, habelə bu sahədə DİM-in malik olduğu alətlərin, potensialın və səmərəliliyin artırılmasıdır.
Layihə vəzifələrin qruplaşdırılması sistemi, dövlət qulluğuna qəbul, fəaliyyətin qiymətləndirilməsi və dövlət qulluğu vəzifələrinin yeni təsnifatına uyğun ödəniş sistemi kimi komponentlər üzrə nəticələr əldə etməyi hədəfləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az