AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın gələcək kulinarı İstanbulda qızıl medala layiq görülüb

06.02.2017 [13:36]

Bakı, 6 fevral, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) xidmət mühəndisliyi fakültəsinin dördüncü kurs tələbəsi Çinarə Hacıyeva İstanbulda 15-ci Beynəlxalq Mətbəx Günləri çərçivəsində keçirilən universitetlərarası kulinariya çempionatında qızıl və gümüş medallara layiq görülüb.
ATMU-dan AZƏRTAC-a bildiriblər ki, çempionatda dünyanın 25 ölkəsindən iki min tələbə iştirak edib. Ç.Hacıyeva yarışda “Balıq yeməyi” nominasiyası üzrə qızıl, “Əsas yemək” nominasiyası üzrə isə gümüş medal qazanıb. Bu günün tələbəsi, gələcəyin kulinarı olan Ç.Hacıyeva çempionatın 70 yarış kateqoriyası üzrə Azərbaycan xalqının milli mətbəx mədəniyyətinə aid bir neçə ləziz təam hazırlayaraq nümayiş etdirib.
Qeyd edək ki, Ç.Hacıyeva Mövlanə Mübadilə Proqramının məzunudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az