AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

İnternetdən intensiv istifadə uşaq və yeniyetmələrin sağlamlığı üçün ciddi problemlər yaradır

28.03.2017 [21:37]

Bakı, 28 mart, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları institutunda internet oyunlarının uşaq psixologiyasına mənfi təsirləri araşdırılır.
İnstitutdan AZƏRTAC –a bildirilib ki, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı və bu sahəyə olan maraq uşaqların sağlamlığı və psixologiyasının pozulmasına gətirib çıxara bilər. İnternetdən intensiv istifadə uşaq və yeniyetmələrin maraqlarını ödəsə də, onların sağlamlığı üçün ciddi problemlər yaradır.
Qeyd olunub ki, sosial şəbəkələrdə geniş yayılmış və daha çox yeniyetmələri hədəfə alan “Siniy kit”, “Tixiy dom”, “More kitov”, “Razbudi menya v 4:20” kimi oyunlarla bağlı ilk təhlükə 2015-ci ildə Rusiyada meydana gəlib.“Siniy kit” oyunu Azərbaycanda da geniş yayılıb. Valideynlər övladlarının internet aktivliyinə nəzarət etməlidirlər. İlk gündən uşaqlar üçün kompüter və mobil telefonlardan istifadə qrafiki müəyyənləşdirilməli, onlara hansı saytların faydalı, hansılarının ziyanlı olduğu izah edilməlidir.
Uşaqların saatlarla kompüterə bağlı qalmaları onları asılı vəziyyətə salır, sosial mühitlə əlaqələrini zəiflədir. Kompüter oyunlarından asılı hala düşməmək üçün yeniyetmələrin müxtəlif hobbilərinin olması vacibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az