AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

İntellektual çoxnövçülük üzrə Balakən rayon birinciliyində 12 komanda mübarizə aparıb

22.08.2017 [16:21]

Balakən, 22 avqust, Mustafa Dadaşov, AZƏRTAC

2017-ci il üçün “Azərbaycanın Gənclər Paytaxtı” seçilən Balakən rayonunda yeniyetmə və gənclərin asudə vaxtlarının, yay tətili günlərinin mənalı və səmərəli keçməsi üçün maraqlı layihələr icra olunur.
AZƏRTAC xəbər verir ki, rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən növbəti tədbirdə - “Yay kuboku-2017” intellektual çoxnövçülük üzrə açıq rayon birinciliyində 12 komanda mübarizə aparıb. Rayon Gənclər Evində təşkil olunan turnirdə Qax rayonundan da dəvət olunmuş gənclər iştirak ediblər.
Yarışın keçirilməsində əsas məqsəd gənclərin intellektual potensialını yüksəltmək, həmçinin “Gənclər Paytaxtı”nın gəncləri ilə bölgənin digər rayonlarının gəncləri arasında əməkdaşlığı daha da genişləndirmək olub.
Əsasnaməyə uyğun olaraq, komandalar əvvəlcə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə biliklərini nümayiş etdiriblər. Birincilikdə fərqlənən 7 komanda “Xəmsə” milli intellektual oyunu üzrə yarışları davam etdirib. Bu yarışda ilk yerləri tutan 4 komanda daha sonra “Breyn-rinq” intellektual oyunu üzrə mübarizəyə qoşulub. Çoxnövçülük üzrə rayon birinciliyi “Təqaüdçülər” komandasının qələbəsi ilə başa çatıb. Sonrakı yerləri “Trenzalor” və “Balzak” komandaları tutublar. Qalib komandalar idarə tərəfindən diplomlarla mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az