AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Lənkəranda Bilik günü coşqusu

15.09.2017 [20:03]

Lənkəran, 15 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Sentyabrın 15-də respublikanın hər yerində olduğu kimi, Lənkəranda da Bilik günü təntənə və böyük coşqu ilə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, həmin gün rayonun 89 ümumtəhsil məktəbində, Lənkəran Dövlət Universitetində, Lənkəran Dövlət Humanitar və Tibb Kolleclərində, Lənkəran Peşə Liseyində keçirilən tədbirlərdə ictimaiyyət nümayəndələri, ziyalılar və valideynlər iştirak edərək, birlikdə Bilik gününün sevincini yaşayıblar.
Yeni dərs ili ərəfəsində rayonun Moloja kəndində 7 sinifdən ibarət 100 şagird yerlik əlavə korpusun və Təngivan kənd ibtidai məktəbi üçün 36 yerlik modul tipli yeni məktəb binasının açılması yerli sakinlərin, şagird və müəllim kollektivlərinin sevincinə səbəb olub.
Həmin məktəblər ən zəruri avadanlıqla, istilik sistemi ilə təchiz edilib. Bu münasibətlə keçirilən açılış mərasimlərində çıxış edənlər təhsilə göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, yeni tədris ili münasibətilə rayonun bütün ümumtəhsil məktəblərində cari təmir işləri yerinə yetirilib, payız-qış mövsümünə hazırlıqla əlaqədar müvafiq tədbirlər görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az