AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Səndən öyrəndim” müsabiqəsinə başlanılıb

22.09.2017 [17:04]

Bakı, 22 sentyabr, AZƏRTAC

Beynəlxalq Müəllimlər Gününə həsr olunan “Səndən öyrəndim” müsabiqəsinə başlanılıb.
“Məktəblinin dostu” layihəsinə daxil olan məktəblər arasında keçirilən müsabiqənin əsas məqsədi məktəblərdəki istedadlı şagirdləri üzə çıxarmaq, müəllim peşəsinin dəyərinin şagirdlərin dilindən ifadə olunmasını təcəssüm etdirmək, məktəblilərin asudə vaxtlarının səmərəli təşkilinə şərait yaratmaqdır.
Layihəyə daxil olan 31 ümumi təhsil məktəbinin şagirdləri müəllim haqqında düşüncələrini əks etdirən videoçarx hazırlayaraq sentyabrın 29-dək öz təhsil müəssisələrindəki məktəblinin dostlarına təqdim edirlər. Hər məktəb üzrə seçilən videoçarx müsabiqəyə daxil olur və “Məktəblinin dostu”nun rəsmi “Facebook” səhifəsində yerləşdirilir.
Qeyd edək ki, ilk mərhələdə ən çox baxılan on videoçarx seçiləcək və münsiflər heyətinə təqdim olunacaq (baxış sayları bərabər olduğu halda “like”lərin sayı nəzərə alınacaq).
İkinci mərhələdə münsiflər heyəti tərəfindən dəyərləndirmə əsasında ilk üç yerin qalibi müəyyənləşdiriləcək. Qaliblər məzmuna, səsləndirməyə, videoçarxın keyfiyyətinə və çəkiliş zamanı yaradıcılığın səviyyəsinə görə dəyərləndiriləcəklər.
Qeyd edək ki, videoların müddəti iki dəqiqədən çox olmamalı, şagirdin müəlliminə olan sevgisini və xoş münasibətini ifadə etməli, verilən fikirlər real nümunələrə əsaslanmalı, məktəblinin özünə aid olmalı və onun tərəfindən səsləndirilməli, məzmunu səsləndirən şagird məktəbli geyimində və məktəb ərazisində olmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az