AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Yevronyus” telekanalı Bakı Beynəlxalq Caz Festivalı haqqında süjet yayımlayıb VİDEO

26.10.2017 [16:36]

Bakı, 26 oktyabr, AZƏRTAC

“Yevronyus” telekanalı 12-ci Bakı Beynəlxalq Caz Festivalı haqqında süjet yayımlayıb.
AZƏRTAC xəbər verir ki, reportaj tanınmış qvineyalı musiqiçi Sekou Kouyatın ifasında klassik və müasir caz nümunələrinin səsləndirilməsi ilə başlayır. O, Afrika simli alətlərinin ən yaxşı ifaçısı hesab olunur. Atası da məşhur musiqiçi olub. Musiqi ənənələrini dəyişmək istəməyən Sekou Kouyat deyir ki, arzusu Afrika musiqisinə yeni yol açmaqdır.
Telekanalın jurnalisti Volfanq Şpindler bu il Bakıda keçirilən caz festivalının proqramının möhtəşəm olduğunu vurğulayıb.
Reportajda festivalın direktorlarının müsahibəsi də yer alıb. Qeyd olunur ki, festivalda cazın müxtəlif növləri - fank-cazdan etno-cazadək təqdim olunur. Oktyabrın 28-dək davam edəcək festivalda Almaniya, ABŞ, İsveçrə, İsveç, Niderland, İsrail, Türkiyə, Norveç, Kolumbiya, Qvineya, Meksika, Polşa, habelə Azərbaycanın caz kollektivləri iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az