AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıdakı 38 nömrəli tam orta məktəbin komandası intellektual oyunda qalib gəlib

05.02.2018 [15:52]

Bakı, 5 fevral, AZƏRTAC 

Bakı məktəblilərindən ibarət komandalar “Hazırcavablar” intellektual oyununda qarşılaşıb.
Növbəti yarışmada Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 37, 38, 51 və 57 nömrəli tam orta məktəblərin şagirdləri iştirak ediblər. Məktəblilər “Azərbaycan dili”, “Ədəbiyyat”, “Tarix”, “Coğrafiya” və “Ordan-burdan” bölmələri üzrə sualları cavablandırıblar. İntellektual oyunun nəticələrinə əsasən, 38 nömrəli tam orta məktəbin komandası qalib gəlib.
Qeyd edək ki, “Hazırcavablar” intellektual oyunu BŞTİ və AzTV-nin birgə layihəsidir. İntellektual oyunda BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar iştirak edir.
Layihənin əsas məqsədi məktəblilərin intellektual səviyyəsini və dünyagörüşünü artırmaq, həmçinin onların asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir. Şagirdlərə özünüifadə vərdişləri aşılamaq, onların fənlərə marağını yüksəltmək, yaradıcı inkişafına təkan vermək və intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmasını təmin etmək də layihənin əsas hədəfidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az